EN

Ölkədə dabaq vahiməsi - ucuz ətlə işləyən dönərxanalar isə öz işindədir...


Fərqanə Nağıyeva: “Dönərxanalarda istifadə olunan ətlərin baytarlıq nəzarətindən keçməməsi ciddi təhlükələrə səbəb ola bilər”

Son vaxtlar iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinin sürətlə yayılması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bu vəziyyət, xüsusilə də ucuz qiymətə satılan dönər məhsullarına olan münasibəti gündəmə gətirib və sosial mediada geniş müzakirələrə səbəb olub.

Məlumat üçün bildirək ki, dabaq xəstəliyi heyvandarlıqda çəki itkisinə, südün azalmasına, məhsulun keyfiyyətinin aşağı düşməsinə, rayonlarda, bəzən dövlətin bütün ərazisində təsərrüfat fəaliyyətinin pozulmasına səbəb olur. Virusun müxtəlif tipləri (A, O, C, SAT-1, SAT-2, SAT-3) mövcuddur, ətraf mühitin təsirlərinə davamlıdır.

Virus xəstə heyvandan ətraf mühitə ağız suyu, süd, nəcis, sidik və sairə ilə xaric olur. Törədici xəstəlik mənbəyindən geyimlə, yemlə, nəqliyyat və digər vasitələrlə, hətta külək vasitəsi ilə yayılaraq böyük ərazilərə sirayət edir.

Yoluxma əsasən ağızın selik qişasından, yelinin və ətrafların zədələnmiş nahiyəsindən, həmçinin aerogen yolla baş verir. Ölüm 0,2-0,5%, buzovlarda 50%-ə qədər, südəmər çoşqalarda 60-80% arası olur.

Qeyd etdiyimiz kimi, dönərxanalar və digər iaşə obyektlərində əsasən ucuz, xəstə heyvanların ətindən istifadə olunur. Hazırki şəraitdə dönər və bu kimi qida məhsulları sağlamlıq üçün təhlükə mənbəyi sayılırmı?

“Dönər ətləri tam bişmir, köz istiliyində, yarı bişmiş formada hazırlanır, bu isə o deməkdir ki, dönərdənyoluxma risqi daha yüksəkdir”

Qida eksperti Fərqanə Nağıyeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ət yüksək risq qrupuna aid olan qidalar sırasındadır: “Etibarlı, mənşəyi bəlli olan restoranlardan, dönərxanalardan ət yeməklərinin sifarişi tövsiyə olunur. Nəzərə almaq lazımdır ki, ətdən insan orqanizminə keçən bir çox xəstəliklər var ki, bunlar bəzən özünü həmin an göstərmir və insanlar bir neçə ildən sonra ciddi fəsadla üzləşə bilərlər. Ümumiyyətlə, sanitar-gigiyenik tələblərə əməl edilmədiyi halda xəstəlik insana da keçə bilər. Vətəndaş xəstə heyvanın əti və ya südü ilə təmasda olarsa, yaxud bu məhsulları çiy və ya az bişmiş formada qəbul edərsə, yoluxma risqi yaranır. Bu baxımdan dönərxanalarda satılan ət məhsulları da diqqətlə yoxlanmalıdır. Dönərxanalarda istifadə olunan ətlərin baytarlıq nəzarətindən keçməməsiciddi təhlükələrə səbəb ola bilər. O da məlumdur ki, dönər ətləri tam bişmir, köz istiliyində, yarı bişmiş formada hazırlanır. Bu isə o deməkdir ki, dönərdənyoluxma risqi daha yüksəkdir. Dönərxanalara ciddi nəzarət olunmalıdır”.

Günel CƏLİLOVA

Chosen
52
baki-xeber.com

1Sources