Rusiyanın Sverdlovsk vilayətində 49 yaşlı azərbaycanlı iş adamı İlqar Xanadanov meyit halında tapılıb.
Modern.az-ın məlumatına görə o, oktyabrın 24-də itkin düşmüş elan edilmişdi.
Faktla bağlı cinayət işi açılıb, istintaq orqanları hadisənin qəsdən törədildiyini istisna etmir.
Mərhumun həyat yoldaşının sözlərinə görə, İlqar Xanadanovun nə borcu, nə də işgüzar mübahisəsi olub. Onun meyiti yaxın günlərdə Azərbaycana gətiriləcək və vətənində dəfn ediləcək.
İlqar Xanadanov bölgədə yerləşən kiçik ictimai iaşə obyektinin (şaurma və hot-doq satışı ilə məşğul olub) sahibi olub.
Məlumata görə, o, itkin düşdüyü gün Mezenkaya kəndindən qayıdırmış. Yolda kiminləsə telefonla mübahisə etdiyi bildirilir. Həmin andan sonra Xanadanovdan heç bir xəbər alınmayıb.
Ertəsi gün onun ağ rəngli “Mercedes” markalı avtomobili meşədə qan izləri ilə tapılıb. Maşında açarlar qalsa da, sənədlər və mobil telefon yox olub.
Ailəsinin sözlərinə görə, İlqar Xanadanov sakit və ehtiyatlı insan olub, riskli işlərlə məşğul olmayıb. Onun qardaşı bildirib ki, İlqar sonuncu dəfə tanıdığı və güvəndiyi biri ilə görüşə gedib:
“O, adətən görüşləri insanların çox olduğu yerlərdə keçirirdi. Əgər meşəyə gedibsə, deməli, qarşısındakı şəxsə inanırdı və heç bir təhlükə gözləmirdi”.
Hadisənin motivləri və təfərrüatları hazırda araşdırılır.