"Azərbaycan tərəfi bizə Ermənistana səfər etməklə bağlı heç bir problem olmadığına dair zəmanət verib".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Avronest Parlament Assambleyasının 12-ci sessiyasında Bakı nümayəndələrinin iştirak etməməsi ikitərəfli münasibətlərdəki problemlərlə deyil, yalnız təşkilati məsələlərlə bağlıdır.
Simonyan qeyd edib ki, Azərbaycan əməkdaşlıq və qarşılıqlı səfərlər üçün heç bir maneə görmür. O əlavə edib ki, Ermənistan İrəvanda keçiriləcək qarşıdan gələn görüşdə Avropa Siyasi Birliyinin ənənəvi sammitlərində iştirak edən bütün dövlətlərin iştirakını gözləyir: "Əziz vətəndaşlar, hazır olun: Azərbaycan nümayəndə heyətləri Ermənistana, Ermənistan nümayəndə heyətləri isə Azərbaycana səfər edəcək. Müzakirə olunmalı olan məhbuslar və saxlanılan şəxslər məsələsi kimi vacib mövzular var. Əlaqələr davam edəcək və biz onları dərinləşdirməyə hazırıq".
Alen Simonyan həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistana səfər edəcəyinə ümid etdiyini bildirib: "Onların səfəri zamanı öz tərəfimizdən liderlər üçün sakit və rahat bir mühit təmin etmək üçün əlimizdən gələni edəcəyik".
Ağarza Elçinoğlu