EN

Azərbaycanda Bebras həftəsi keçiriləcək

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı və "Bebras"ın Azərbaycan üzrə rəsmi təmsilçisi olan "ÖzünÖyrən" MMC-nin birgə təşkilatçılığı ilə 18-24 noyabr 2025-ci il tarixlərində informatika və rəqəmsal inkişafın təbliğinə yönələn "Bebras" İnformatika və alqoritmik düşüncə müsabiqəsi keçiriləcək.

Onlayn formatda təşkil olunacaq müsabiqədə respublikanın bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri iştirak edə bilərlər. Yarış zamanı şagirdlər 40 dəqiqə ərzində öz sinif səviyyələrinə uyğun tapşırıqları yerinə yetirəcəklər. Tapşırıqlar şagirdlərin analitik düşünmə, məntiqi əlaqə qurma və problem həll etmə bacarıqlarını inkişaf etdirməyə yönəlib.

Hazırda müsabiqədə iştirak etmək üçün 1 000-dən çox məktəb qeydiyyatdan keçib. Yeni qoşulan məktəblərin nümayəndələrinin hazırlıqlarını dəstəkləmək məqsədilə "ÖzünÖyrən" onlayn təhsil platformasında ödənişsiz "Bebras müsabiqəsində koordinatorluq" adlı xüsusi təlim kursu yaradılıb.

"Bebras" həftəsi eyni zamanda yarışın seçim mərhələsi funksiyasını da daşıyır. Seçim mərhələsində uğur qazanan şagirdlər yarımfinal və final mərhələlərində iştirak edəcəklər.

Sözügedən müsabiqənin keçirilməsində məqsəd heç bir proqramlaşdırma bilikləri tələb etmədən şagirdləri informatika üzrə maraqlı tapşırıqları həll etməyə yönəltmək, onların alqoritmik və hesablama təfəkkürlərini inkişaf etdirməkdir.

Qeyd edək ki, Beynəlxalq "Bebras" İnformatika və Alqoritmik Düşüncə Yarışı ilk dəfə 2004-cü ildə Litvada keçirilib. Yüz minlərlə şagirdin iştirak etdiyi müsabiqə hazırda ABŞ, Almaniya, Fransa, Yaponiya, Türkiyə və digər ölkələr də daxil olmaqla 70-dən çox ölkədə keçirilir.

Azərbaycanda "Bebras" müsabiqəsi 2014-cü ildən etibarən keçirilir. 2024-cü ildə yarış 60-dan çox rayon və şəhəri, 376 məktəbi əhatə edib və müsabiqədə ümumilikdə 17 564 şagird iştirak edib. Ən yüksək nəticə göstərən iştirakçılar ICPC Dünya Finalı zamanı dəyərli hədiyyələrlə təltif olunublar.

Hazırda müsabiqəyə qeydiyyat davam edir. Daha ətraflı məlumat və qeydiyyat üçün http://bebras.az veb-saytından istifadə etmək mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
4
oxu.az

5Sources