EN

Hər gün qoz-fındıq yemək nə yaradır?

Qoz-fındıq və toxumlar çoxları üçün sadəcə kiçik qəlyanaltı kimi görünsə də, əslində həzm sistemi və ümumi sağlamlıq üçün mühüm faydalar təqdim edir. 

Sherg.az xəbər veriir ki, gündəlik rasiona əlavə edilən bir ovuc qoz-fındıq və ya bir qaşıq toxum, orqanizmə lif, sağlam yağlar, vitaminlər, minerallar və zülal baxımından əhəmiyyətli töhfə verir.

Badam, qoz, yerfındığı və balqabaq toxumu kimi müxtəlif növ quru yemiş və toxumlar təkcə dad baxımından deyil, həm də bağırsaq sağlamlığı üçün dəyərli maddələr ehtiva edir. Mütəxəssislər bildirirlər ki, bu qidalar həzm sistemini dəstəkləyən faydalı bakteriyaları bəsləyir və bağırsaq mikroflorasına (mikrobioma) müsbət təsir göstərir.

Qidalanma mütəxəssislərinin sözlərinə görə, qoz-fındıq və toxumlar lif, polifenol və bitki mənşəli zülallarla zəngindir. Bu maddələr bağırsaqdakı faydalı bakteriyaların çoxalmasını dəstəkləyən prebiotik təsir yaradır.
Tədqiqatlar göstərir ki, xüsusilə badam, qoz və Antep fıstığı kimi növlərin istehlakı faydalı bağırsaq bakteriyalarının sayını artırır. Bu bakteriyalar bağırsaq divarını qoruyan və iltihabı azaldan qısa zəncirli yağ turşularının istehsalında iştirak edir.

"Harvard Health"-in məlumatına görə, bəzi mənbələrdə qeyd edilən “toxumlar divertikuliti (şiddətli qarın ağrısı, qızdırma, titrətmə və şişkinliklə müşayiət olunan bağırsaq xəstəliyi) yarada bilər” iddiası elmi əsas daşımır. Əksinə, toxumlar yüksək lif tərkibi sayəsində bağırsaq sağlamlığına müsbət təsir göstərir.

Qidalanma üzrə təlimatlarda qoz-fındığın gündəlik rasionun sabit hissəsi kimi qəbul edilməsi tövsiyə olunur. Mütəxəssislər həftənin çox günündə təxminən 30 qram quru yemiş istehlak etməyi məsləhət görürlər.
Araşdırmalar göstərir ki, müntəzəm şəkildə qoz-fındıq yemək bağırsaq mikrobiomunda müsbət dəyişikliklər yaradır və orqanizmdə iltihab göstəricilərini azaldır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qoz-fındıq və toxumlar yüksək kalori və yağ tərkibinə malikdir. Bu səbəbdən həddindən artıq istehlak çəki nəzarətini çətinləşdirə bilər. Bundan başqa, bəzi şəxslərdə - xüsusən də həssas bağırsaqlara malik olanlarda narahatlıq yarada bilər.

Mütəxəssislər, bu qidaları rasiona əlavə edərkən aşağıdakı məqamlara diqqət etməyi tövsiyə edirlər:

Hər gün təxminən 30 qram qoz-fındıq və ya 1-2 xörək qaşığı toxum idealdır.

Müxtəlif növlərdən istifadə etmək qida müxtəlifliyini artırır. Məsələn, Braziliya qozu selenium, chia toxumu isə omega-3 baxımından zəngindir.

Quru, duzsuz və şəkərsiz, çiy və ya yüngül qovrulmuş məhsullar seçilməlidir.

Qoz-fındıq və toxumlar təkbaşına “möcüzə” yaratmır - onları səhər yeməklərinə, salatlara və ya qatığa əlavə etmək faydalıdır.

Bağırsaq həssaslığı olan şəxslər kiçik porsiyalarla başlamalı və orqanizmin reaksiyasını izləməlidir.
Chosen
72
sherg.az

1Sources