EN

Tramp nüvə silahı sınaqları barədə gizli fəaliyyətlərdən danışdı

Ajans.az xəbər verir ki,Tramp bu fikirləri CBS News telekanalına verdiyi müsahibə zamanı səsləndirib. “Onlar bu barədə sizə məlumat vermirlər. Dünya böyük bir yerdir və bu sınaqların harada keçirildiyini bilməyinizə ehtiyac yoxdur. Onlar dərin yeraltında, insanların nə baş verdiyini anlamadığı ərazilərdə sınaqlar aparırlar. Sadəcə bir az titrəmə hiss edirsiniz”, – deyə Tramp bildirib. O, əlavə edib ki, Rusiya və Çin bu cür sınaqları davam etdirir, ABŞ isə artıq belə sınaqlara başlamaq niyyətindədir:
“Onlar sınaqdan keçirirlər, biz isə yox. Biz də keçirməliyik. Rusiya yaxınlarda müəyyən növ sınaqları fərqli səviyyədə aparacaqlarını bəyan etdi – bu, bir növ təhdid idi. Çin də sınaqlar aparır və biz də keçirəcəyik. Mən Şimali Koreya və Pakistanın da oxşar sınaqlar həyata keçirdiyinə inanıram”.
Tramp, həmçinin, ABŞ-ın ən güclü nüvə arsenalına sahib olduğunu vurğulayıb:
“Ən yaxşı nüvə silahları bizdədir və mən birinci prezidentlik dövrümdə onları modernləşdirmişdim. Bunu etməkdən nifrət edirdim, çünki bu silahların dağıdıcı gücü haqqında danışmaq belə istəmirəm”.
Prezident bildirib ki, ABŞ nüvə silahlarına malikdirsə, onların işlək vəziyyətdə olub-olmadığını yoxlamaq üçün sınaqlar aparılmalıdır:
“Əgər bizdə bu silahlar varsa, onları sınaqdan keçirməliyik, əks halda necə işlədiklərini bilməyəcəyik. Amma biz onlardan heç vaxt istifadə etmək istəmirik”.
Qeyd edək ki, Donald Tramp nüvə sınaqlarının bərpası qərarını 29 oktyabr tarixində elan edib. Lakin nə o, nə də administrasiyanın digər nümayəndələri bunun nüvə cihazlarının faktiki partladılması ilə bağlı olub-olmadığını dəqiqləşdirməyiblər.

 

Chosen
49
Ajans.az

1Sources