EN

Cəmiyyət məktəb ailə: Hamımız günahkarıq

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Gənclərin davranışları artıq təkcə “ayrı-ayrı uşaqların tərbiyəsizliyi” deyil, bir nəsil siqnalıdır”. 

Bunu “Cebheinfo.az”-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova deyib. Onun sözlərinə görə, gənclər nəyə baxırsa, onu təkrarlayır və sosial şəbəkələrdə “trend” olan hərəkətlər, açıq-saçıq davranışlar, bayağı ifadələr artıq “norma”ya çevrilib: 

“Sosial şəbəkələr son illər gəncliyin aynasına çevrilib. Amma o aynaya baxdıqca qorxuruq. Bir zamanlar bilik, mədəniyyət və əxlaq ocağı sayılan məktəblər indi bəzən internetin eybəcər səhnələrinə çevrilir. 

14-15 yaşlı uşaqların çəkib paylaşdığı etikadan, tərbiyədən uzaq videolar artıq təkcə fərdi davranış deyil, cəmiyyətin susqunluğunun nəticəsidir. Bəs tərbiyə harada itib? Valideynlər uşaqlarının həyatına telefon ekranından baxan müşahidəçilər, müəllimlər “tərbiyə vermək” missiyasını test imtahanlarının arxasında itirən insanlar, cəmiyyət isə bu mənəvi uçurumu susqun izləyici kimi seyr edən bir tamaşaçıya çevrilib”. 

Samirə İsmayılova bildirib ki, məktəb artıq tərbiyənin deyil, sertifikatın və balın mərkəzinə çevrilib: 

“Müəllimlər şagirdə “ədəb, davranış, vicdan” yox, “imtahan strategiyası” öyrədir. Nəticə isə öz kimliyini, cinsiyyət sərhədlərini, mənəvi dəyərlərini itirən bir nəsil yetişir. Bu gün məktəblərdə baş verən bəzi qeyri-etik hadisələr, müəllim-şagird münasibətlərindəki məsuliyyətsizlik, sosial mediada yayılan görüntülər artıq sadəcə “səhv” deyil, milli təhlükədir. 

Bu, fərdi deyil, sistem problemidir. Bəli, tərbiyə evdə başlayır, amma orda bitmir. Ev toxumdur, məktəb torpaq, cəmiyyət isə iqlim. Əgər torpaq çirklidirsə, toxum da çürüyəcək. Cəmiyyətin formalaşdırdığı dəyərlər gəncin beynini “normallaşdırır”. Bugünkü gənc artıq ayıbın, günahın, dəyərin fərqini bilmir. Çünki bu fərqləri heç kim ona öyrətmir”. 

Psixoloq qeyd edib ki, artıq dövlət orqanlarına, Təhsil Nazirliyinə çağırışın vaxtıdır: “Gənclərin əxlaqı, mənəviyyatı, davranışı yalnız “ailə tərbiyəsi” adlandırıla bilməz. Bu, dövlət miqyasında tənzimlənməli məsələdir: 

1. Məktəblərdə psixoloji maarifləndirmə proqramları hazırlanmalıdır; 

2. Sosial media etikasına dair dərslər tədris olunmalıdır; 

3. Hər məktəbdə davranış psixoloqları və sosial işçilər fəaliyyət göstərməlidir; 

4. Valideynlər üçün maarifləndirici seminarlar keçirilməlidir; 

5. ,n əsası – antitəbliğat kampaniyaları. 

Bu, sosial şəbəkələrdə, TV-lərdə, küçə reklamlarında mənəvi dəyərləri xatırladan mesajlar yayılmalıdır”. 

Samirə İsmayılova əlavə edib ki, biz nəsli deyil, gələcəyi itiririk:

 “Əgər indi hərəkət etməsək, sabah təkcə sosial şəbəkələrdə yox, küçələrdə, ailələrdə, dövlət strukturlarında da bu tərbiyə boşluğunun ağrısını görəcəyik. Əgər bu gün bu gənclərə mənəvi tərbiyə, dəyərlər sistemi, emosional məsuliyyət öyrədilməzsə, sabah biz onlardan vətənpərvərlik, vicdan, insanlıq tələb edə bilmərik. 

Bu, bir tənqid deyil, bir çağırışdır. Cəmiyyət, ailə, məktəb, dövlət - bir sözlə hamımızın üzərinə düşən bir borc var: Azərbaycan gəncliyini qorumaq. Çünki gənclik yalnız gələcək deyil - bu günün güzgüsüdür. Bu gün o güzgüdə gördüyümüz mənzərə narahatlıq doğuracaq qədər bulanıqdır.Çünkı bu indinin və gələcəyin bəlasıdı. Səlahiyyət nümayəndələri unutmasın onlarında övladları var….”

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
62
1
cebheinfo.az

2Sources