EN

Heç kəs nüvədən istifadə etməyəcək: Ağ Evin sahibi bir növ təhdid mesajı verir

Nüvə silahlarından istifadə haqqında ritorikaların çoxalması narahatlıq doğurur

“ABŞ-nin dünyanı 150 dəfə partlatmağa kifayət edəcək qədər nüvə silahı var”.
Bunu ABŞ Prezidenti Donald Tramp “CBS News”a müsahibəsində deyib.
“Bizdə digər ölkələrdən daha çox nüvə silahı var. Nüvəsizləşmə məsələsi ilə bağlı nəsə etməliyik”, - o bildirib.
Trampın sözlərinə görə, o, bu məsələni Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edib.
“Bizdə dünyanı 150 dəfə partlatmağa kifayət edəcək qədər nüvə silahı var. Rusiyanın çoxlu nüvə silahı var və Çində də çox olacaq”, - Amerika lideri vurğulayıb.
Həmçinin onun sözlərinə görə, o istəmir ki, ABŞ nüvə sınaqları aparmayan yeganə ölkə olsun:
“Nüvə sınaqları aparacağıq, digər ölkələrin etdikləri kimi. Rusiya sınaqlar aparır, Çin sınaqlar aparır, amma onlar bunun haqqında danışmırlar. Biz açıq cəmiyyətik. Biz fərqliyik. Biz bu haqda danışırıq”.

Politoloq Elşad Həsənov Sherg.az-a deyib ki, dünyada vəziyyət gərginləşir və 50-dən artıq nöqtədə silahlı qarşıdurmalar davam edir:

"Ən geniş yayılan və ən ciddi münaqişələr sırasına Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki İsrail-Fələstin qarşıdurması daxildir. Rusiya artıq dörd ildir ki, müharibə aparır. Bu dövrdə həm Rusiya, həm də Ukrayna böyük itkilər verib. İnsan tələfatı və şəhərsalma faktları hamının gözü qarşısındadır. İnsanlar müharibənin tezliklə sona çatmasını istəyir. Donald Tramp hakimiyyətə gələndən sonra bu münaqişələrin dayandırılması üçün səylər göstərdiyini bildirir, lakin hələlik tam nəticə əldə olunmayıb. O, bəyan edir ki, bir neçə münaqişə zonasını dayandırıb və sülhə nail olub. 
Digər tərəfdən Rusiya yaxın dövrlərdə nüvə təlimlərini keçirir və yeni raket sistemləri ilə təchiz olunur. Bu, beynəlxalq ictimaiyyətdə narahatlıq doğurur. digər tərəfdən sözügedən məsələlər dünyanın böyük dövlətlərini, o cümlədən ABŞ-ni ciddi şəkildə qayğılandırır. Tramp isə öz çıxışlarında nüvə silahları ilə bağlı mövqelərə toxunur və mövzunu gündəmə gətirir. Rəsmi olaraq dünyada təxminən 9 ölkənin nüvə potensialı olduğu bildirilir, lakin onların gücü və miqyası fərqlidir. Statistik rəqəmlər və müqayisələr göstərir ki, bəzi dövlətlərin arsenalı digərindən qat-qat böyükdür. Bu, insanlığın məhv olma potensialının nə qədər böyük olduğunu xatırladır. Rəsmi siyahıya əlavə olaraq başqa ölkələrdə də nüvə imkanlarının mövcud olma ehtimalı var və gələcəkdə bu barədə açıqlamalar ola bilər. Nəticə etibarilə, nüvə silahlarından istifadə təhlükəsi haqqında ritorikaların çoxalması narahatlıq doğurur. Bir sıra KİV-lərdə və bəzi siyasi dairələrdə belə fikirlər səslənir ki, Rusiyanın taktiki nüvə silahlarından istifadə etməsi ilə bağlı təhdidlər var. Hətta bəzi rəsmilər və siyasətçilər açıq şəkildə belə ritorikalara müraciət edirlər. Bu tip bəyanatlar qlobal təhlükəsizlik üçün ciddi təhdiddir"

Analitikin fikrincə, nüvə silahlarının işlədilməsinə heç bir halda yol verilməməlidir:
"Belə bir hadisə dünyanın sonu kimi nəticələr doğura bilər. Ölkə rəhbərlərinin və beynəlxalq ictimaiyyətin belə bir sonluğa heç vaxt razı olmayacağına inanıram. Hər halda, vəziyyət kritik və gərgindir. ABŞ Prezidenti Donald Trampın apardığı diplomatik səylər müsbət nəticələr gətirəcək. Onun Çin lideri Si Cinpin ilə görüşləri və əldə etdiyi razılıqların münaqişələrin dinc həllinə töhfə verəcəyinə ümid edirəm. Eyni zamanda Ağ Evin sahibi sözügedən açıqlama ilə bir növ təhdid mesajı verir. Lakin, ümumiyyətlə, nüvə silahlarından istifadə olunmayacaq".
Chosen
44
1
sherg.az

2Sources