EN

Rusiya-Ukrayna savaşında yeni dövr: Müharibənin gələcəyi bu amildən asılıdır

Rus ordusunun Ukraynanın Pokrovsk, Mirnoqrad və ətraf ərazilərində irəliləməyə çalışması ölkənin strateji məqsədləri ilə bağlı suallar doğurur.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, artıq 3 ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsində ayrı-ayrı yaşayış məntəqələrinin ələ keçirilməsi Moskva üçün ciddi strateji üstünlük qazandırmır.

Taleh Əliyev

Onun sözlərinə görə, bu tip lokal irəliləyişlər Ukrayna üçün müəyyən taktiki çətinlik yaratsa da, ümumi müharibənin nəticəsinə təsir göstərə biləcək səviyyədə deyil:

“Müharibənin müqəddəratı bu gün yalnız döyüş meydanında həll edilmir. Rusiya ordusunun quru əməliyyatları ilə yanaşı, Ukrayna tərəfi də pilotsuz uçuş aparatları vasitəsilə müharibənin gedişinə ciddi təsir göstərir. Ukraynanın Rusiyanın dərinliklərində yerləşən hərbi bazalara, hava hücumundan müdafiə sistemlərinə, eləcə də neft və qaz infrastrukturuna endirdiyi zərbələr göstərir ki, müharibə birtərəfli şəkildə aparılmır.”

Taleh Əliyev hesab edir ki, Moskvanın müharibədə qazanacağı lokal uğurlar Rusiyanın strateji məqsədlərinə çatmasına səbəb olmayacaq:

“Rusiya istədiyinə tam şəkildə nail ola bilməyəcək. Müharibə uzandıqca, Rusiya həm iqtisadi, həm insan kapitalı, həm də sənaye potensialı baxımından daha çox itirir. Ukrayna isə Qərbin maliyyə, hərbi və humanitar dəstəyini alaraq müharibənin gedişində öz xeyrinə dönüş yaratmaq imkanlarını artırır.”

Politoloqun fikrincə, bu şəraitdə Pokrovsk və Mirnoqrad istiqamətindəki əməliyyatlar Rusiyanın strateji mövqelərini gücləndirməkdən çox, onun resurslarını daha da tükəndirəcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
44
konkret.az

1Sources