EN

"Hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir"- Prezident İlham Əliyevin AMEA-da çıxışının tam mətni

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Əvvəlcə dövlətimizin başçısı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvləri və Akademiyanın 80 illik yubiley yığıncağında iştirak edən xarici qonaqlarla görüşdü.

Sonra Prezident İlham Əliyev tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Hörmətli alimlər.

Mən sizi Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm, Akademiyanın gələcək fəaliyyətinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər.

Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi. Sirr deyil ki, Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrılırdı. Faktiki olaraq bu siyasət müstəqillik illərində də davam etdirilirdi. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmişdir və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Eyni siyasəti biz müstəqillik illərində də aparırıq. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər.

Müstəqilliyin ilk illəri çox ağır idi, faciəvi idi. O vaxt məhz Heydər Əliyevin qətiyyəti, iradəsi, xalqa olan bağlılığı bizi böyük bəlalardan qurtara bilmişdir. O da çox böyük göstəricidir ki, onun hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə, Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli Elmlər Akademiyasında olmuşdur. Beləliklə, o, bir daha müstəqil Azərbaycanın, yəni, yeniləşən Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan etmişdir. Düzdür, o vaxt bizim maliyyə imkanlarımız çox məhdud idi, demək olar ki, yox idi, xəzinə boş idi. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə idi. Bir milyondan çox qaçqın və məcburi köçkün, torpaqlarımızın işğal altına düşməsi və çox böyük iqtisadi, maliyyə çətinlikləri. Amma buna baxmayaraq, yenə də Akademiyanın işinə, Akademiyanın qorunmasına, alimlərin fəaliyyəti üçün vəsait ayrılırdı.

Təbii ki, illər keçdikcə, Azərbaycan inkişaf etdikcə bu vəsait daha böyük həcmdə ayrılır. Son on il ərzində Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artmışdır. Mənim prezidentlik dövrümdə də bu istiqamətdə, yəni, Azərbaycan elminin inkişafına göstərilən diqqət Ulu Öndərin siyasətinə uyğun şəkildə aparıldı. Bir çox addımlar atıldı. Akademiyanın maddi-texniki bazası möhkəmləndirilmişdir və burada yerləşən, bu akademiya şəhərciyində yerləşən binaların təmiri aparıldı. Buraya, elmə aidiyyəti olmayan, akademiyanın bəzi binalarını zəbt etmiş qurumlar buradan çıxarıldı. Yeni böyük elmi kitabxana inşa edilmişdir. Milli Ensiklopediya üçün yeni bina inşa edilmişdir. Elmi-tədqiqat institutlarının, dediyim kimi, təmiri və avadanlıqlarla təchizi təmin edilmişdir. Elm Fondu hələ 2009-cu ildə yaradılmışdır. O vaxt bu Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin inkişafı üzrə Milli Strategiya qəbul edilmişdir. “Elm haqqında” Qanun qəbul edilmişdir, Dövlət Proqramı qəbul edilmişdir. Yəni, görülmüş bütün işləri sadalamaq üçün çox vaxt lazımdır. Sadəcə olaraq, bunu bildirməliyəm ki, bütün başqa sahələrdə olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir.

Mən 10 il bundan əvvəl - Akademiyanın 70 illiyində bax bu salonda alimlər qarşısında çıxış etmişdim və çalışırdım ki, bu 10 il ərzində ölkə qarşısında duran bütün başqa vəzifələrlə yanaşı, elmin inkişafına da öz dəstəyimi göstərim. Bu gün bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Çünki son 10 il ərzində həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş vermişdir. Dünya iqtisadiyyatı tamamilə dəyişmiş, dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir. Azərbaycana gəldikdə, son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilir. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır.

Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və əlbəttə ki, öz addımlarımızı dəyişən dünyada gedən proseslərə həm uyğunlaşdırmalıyıq, həm də ki, bir çox təşəbbüslər irəli sürməliyik. Ona görə təbii ki, illər keçdikcə qarşıda duran vəzifələr də dəyişir. Ona görə bugünkü inkişafla bağlı, inkişafın gələcək istiqamətləri ilə bağlı əlbəttə ki, prioritetlər əvvəlki dövrdən fərqlənir. Bu gün sirr deyil ki, hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini o ölkənin texnoloji imkanları şərtləndirir. Bu gün biz bunu iqtisadi inkişafda görürük, yeni texnologiyaların tətbiqində görürük, yeni müharibələrdə görürük. Ona görə texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür. Təbii ki, Azərbaycan dövlətinin üzərinə böyük vəzifə düşür ki, biz bu texnoloji inkişafı bütün sahələrdə tətbiq edək və beləliklə, bizim inkişafımız dayanıqlı olsun.

Artıq hər kəs görür və bilir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Yəni, təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır.

Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Ona görə dövlət lazımi addımları atır. Biz hər zaman əsas aparıcı xəttin, yəni, "mainstream"in, əgər belə demək mümkündürsə, arxasınca gedirik və geri qalmamalıyıq. Ona görə Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik.

Bu istiqamətdə aparılan digər islahatlar nəticəsində əldə edilmiş uğurlar rəqəmsallaşma ilə bağlıdır. Biz rəqəmsallaşmanı ölkəmizdə geniş miqyasda tətbiq edirik və bunun faydasını görürük. Yəni, bəlkə də geniş ictimaiyyət bunu yaxından izləmir. Ancaq biz görürük ki, rəqəmsallaşma olan sahələrdə artıq işin keyfiyyətinin əmsalı da artır, səmərə də artır və nəticə etibarilə daha gözəl nəticələr hasil edilir. Ona görə təsadüfi deyil ki, artıq bir müddət bundan əvvəl bizim hökumət strukturunda nazirliyə “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi” adı verilmişdir və bu istiqamətdə də addımlar atılır. Azərbaycan alimlərini burada yenə də fəal olmağa dəvət edirəm.

Chosen
61
43
aznews.az

10Sources