EN

Niyə göllərin suyu yerə hopmur?

Bir çox insanı maraqlandıran sualdır: nəyə görə göllərin suyu yerə hopmur?

Hit.az “IFLScience” nəşrinə istinidən xəbər verir ki, bu sualın elmi cavabı var.

Bildirilir ki, göllərdəki suyun bir hissəsi yerə sızsa da, bu, adətən nəzərə çarpmır, çünki itirilən su yağış vasitəsilə tez bir zamanda bərpa olunur.

“Təsəvvür edin ki, kimsə əlində bərk şist daş parçası tutur və siz onun üzərinə bir az su tökürsünüz. Su daşın o biri tərəfindən keçməyəcək, sadəcə axıb gedəcək. Eyni hal daşlı dibə malik göllərdə də müşahidə olunur: əgər gölün dibi daşlıdırsa və daşların arasında çox az boşluq varsa, su oradan keçə bilmir”, deyə nəşrdə izah olunur.

Hətta boşluqlar olduqda belə, gölün dibində zamanla qum, lil və gil kimi çöküntülər toplanır və bu maddələr həmin boşluqları doldurur.

“Uzun zaman ərzində gölün dibi tədricən dəyişir. Materiallar çökməyə başlayır, xırda hissəciklər və çöküntülər böyük məsamələri doldurur”, deyə Vaşinqton Dövlət Universitetinin hidroloqu Coan Vu bildirib.

Eyni zamanda, göldən su buxarlanma yolu ilə də azalır.

“Nəticədə su həm səthdən, həm də gölün alt qatlarından buxarlana bilər”, deyə Vu əlavə edib.

Bununla belə, suyun buxarlanma nəticəsində itməsi təbii su dövranı – yəni suyun buxarlanma, buludlarda toplanma və yağıntı şəklində geri dönməsi prosesi sayəsində bərpa olunur.

“Teorik olaraq bu belə olmalıdır. Lakin ötən ilin mayında dərc olunmuş tədqiqat göstərir ki, dünyanın həm təbii, həm də süni mənşəli böyük göllərinin yarısından çoxu qurumaqdadır. Alimlərin hesablamalarına görə, bu azalmaların 56 faizi insanların su istehlakı və iqlim istiləşməsi ilə əlaqədardır, çünki istiləşmə buxarlanmanı artırır”, deyə “IFLScience” qeyd edir.

Beləliklə, göllərin tamamilə quruma ehtimalı az olsa da, alimlər hesab edirlər ki, dünyada təxminən 2 milyard insanın göllərin yaxınlığında yaşadığını nəzərə alaraq, bu su hövzələrinin vəziyyətinə diqqətlə nəzarət etmək vacibdir.

Samir
 

Chosen
68
hit.az

1Sources