Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) keçirilən əməliyyatdan sonra bir sıra məsələlər müzakirəyə çıxarılıb. Xüsusilə bəzi işçilərin saxlanılması fonunda icra başçısının prosesdən kənarda qalması diqqət çəkib. Sözügedən RİH-də müəyyən idarəetmə və korrupsiya problemlərinin mövcudluğu ehtimal olunur.
Qaradağ Rayon İcra Hakimiyyətində nələr baş verir? İcra başçısı da saxlanıla bilərmi?
Avtosfer.az xəbər verir ki, "Globalinfo"ya danışan hüquqşünas Əkrəm Həsənov prosesin müəmmalı olduğunu deyib.
O bildirib ki, icra hakimiyyətində pozuntu halları aşkarlandıqda, adətən birbaşa başçı və əməkdaşları məsuliyyətə cəlb olunurlar:
“Hazırda yalnız müavinin həbs olunması diqqət çəkir. İcra başçısı isə prosesdən kənarda qalıb. Bu vəziyyətin bir neçə izahı ola bilər. Mümkündür ki, həqiqətən yalnız müavin hansısa pozuntuya yol verib və buna görə məsuliyyətə cəlb edilib. Eyni zamanda, istintaq zamanı müavinin icra başçısının göstərişi ilə hərəkət etdiyi ortaya çıxa bilər. Hər iki variantı istisna etmək olmaz. Bütün hallarda, bu, qeyri-adi bir vəziyyət kimi qiymətləndirilir”.
Qeyd edək ki, məhkəmənin qərarı ilə Qaradağ rayon icra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov məhkəmənin qərarı ilə 3 ay 28 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, rayonun icra başçısı Süleyman Mikayılovdur.