EN

Uolts: Tramp administrasiyası BMT-nin maliyyəsini dondurub

BAKI, 4 noyabr. TELEQRAF

ABŞ administrasiyası BMT-yə maliyyə ödənişlərini müvəqqəti dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Breitbart News" portalına müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, Prezident Donald Tramp təşkilatın islahatlar həyata keçirəcəyinə əmin olana qədər maliyyə dəstəyini dayandırmaq qərarına gəlib.

“Prezident islahatları görənədək Amerika maliyyəsini saxlayır”, - deyə Uolts qeyd edib.

Onun bildirdiyinə görə, ABŞ-nin təzyiqi nəticəsində BMT-nin baş katibi Antoniu Quterreş büdcəni 15 faiz azaltmağa razılaşıb. Bu, işçi heyətinin 18 faiz, sülhməramlı qüvvələrin isə 25 faiz ixtisarı deməkdir.

Hazırda BMT bir neçə ölkənin, o cümlədən ABŞ-nin ödənişləri gecikdirməsi səbəbindən təxminən 3 milyard dollar büdcə kəsiri ilə üzləşib. Bu durum təşkilatı xərcləri azaltmağa, yeni işçi qəbulunu dondurmağa və humanitar proqramları, o cümlədən uşaqlara və qaçqınlara yardımı məhdudlaşdırmağa məcbur edib.

Chosen
62
teleqraf.com

1Sources