EN

Yevlaxın Salahlı kənd şagirdlərinin "günahı" nədir?..


Cavanşir Əliyev: “Təmirə ehtiyacı olan məktəblər nəzarətə götürülməlidir”

Məktəb, universitet və məktəbəqədər təhsil müəssisələrinin əsaslı şəkildə təmir olunaraq təhsilalanların ixtiyarına verilməsi qarşıya qoyulan əsas məqsədlərdən biridir. Bu sahədə görülən işlər göz qabağındadır.

Lakin elə tədris ocaqları var ki, hələ də dağılmış vəziyyətdədir. Belə bir hal Yevlaxın Salahlı kəndində yerləşən orta məktəbdə yaşanır. 400-dən çox şagirdin təhsil aldığı orta məktəbdə yaranmış vəziyyət valideynlərin narahatlığına səbəb olub.

Həmin kəndin sakinləri sosial şəbəkədə yaranmış vəziyyətlə bağlı narazılıq edərək bildirirlər ki, dam örtüyünün külək qoparan hissəsində yerləşən siniflər yağış yağan zaman su içində olur. Şagirdlərin rahat dərs keçməsi, demək olar ki, mümkünsüzləşir. Təbiət hadisəsinin yaratdığı fəsaddan sonra məktəbin 7 sinfi bağlanıb, şagirdlər dəhlizdə dərs keçmək məcburiyyətində qalıblar.

“Uşaqların sağlam şəkildə təhsil almasını, onların savadlı, bilikli olmasını istəyiriksə, oxuduqları məkanın təmirinə, dayanıqlığına fikir vermək lazımdır”

Təhsil eksperti Cavanşir Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ölkə ərazisində hələ də təmirsiz, istifadəyə yararsız məktəblər var: "Dövlət başçısı tərəfindən prioritet məsələ kimi məktəb tikintiləri əsas götürülsə də, bu işdə ləngimələr var. Ucqar kəndlərdə bu tip təhsil ocaqlarına daha çox rast gəlinir. Dövlət bununla bağlı müvafiq proqramlar həyata keçirir. Hər il ölkə başçısının sərəncamı ilə modul tipli məktəblər tikilir. Bu modul tipli məktəblərin, ən azından, təmirsizlər bərpa olunana kimi istifadəsi mümkündür. Həmçinin modul tipli məktəb formasında tədrisin davam etdirilməsi nəzərdə tutulur. Aidiyyəti qurumlar təhsil müəssisələrinin vəziyyəti ilə daim maraqlanmalıdır. Təmirə ehtiyacı olan məktəblər nəzarətə götürülməlidir. Bu işə səhlənkar yanaşmaq olmaz. Şagirdlərin dərs oxumaq imkanları daha da yaxşılaşdırılmalıdır. Tədrisin təşkili və reallaşdırılmasına uyğun daha çox təhsil ocaqları olmalıdır. Ümumiyyətlə, uşaqların sağlam şəkildə təhsil almasını, onların savadlı, bilikli olmasını istəyiriksə oxuduqları məkanın təmirinə, dayanıqlığına fikir vermək lazımdır. Təhsildə əsas məqsəd təhsilalanların bilik və savadının artırılması və onlara vərdişlərin öyrədilməsidir. Siniflərdəki sıxlıq şagirdlərin bilik səviyyəsinin aşağı düşməsinə səbəb olur. Halbuki, təhsil müəssisələrində dərslər elə təşkil edilməlidir ki, biliyin şagirdə ötürülməsi maksimum həddə çatsın”.

Günel CƏLİLOVA

Chosen
49
baki-xeber.com

1Sources