"2025-ci ilin ötən dövründə mürəkkəb geosiyasi proseslərin yaratdığı qeyri-müəyyənliklər fonunda bank sektoru sabit fəaliyyətini davam etdirib".
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, bank sektorunda məcmu kapital adekvatlıq səviyyəsi 18.1% və likvidliyin örtülmə əmsalı 157% olmaqla normativləri əhəmiyyətli dərəcədə üstələyib, sektorun kapital mənfəətliliyi 19.3% olub:
"Belə ki, bank sektorunun aktivləri doqquz ayda 5.9% artaraq 56.1 milyard manata, bankların kredit portfeli isə 6.5% artaraq 29.3 milyard manata çatıb. Bu dövrdə bank sektorunda qeyri-işlək kreditlərin ümumi kredit portfelinə nisbəti 2.7% olub. 2025-ci ilin doqquz ayında bank sektorunun cəmi öhdəlikləri 5.6% (2.6 milyard manat) artaraq 49 milyard manata çatıb. Depozitlər cəmi öhdəliklərin 74.7%-i həcmindədir ki, bunun da 15.4 milyard manatı əhalinin əmanətləridir. Dövr ərzində əhalinin əmanətləri 7.5%, o cümlədən müddətli əmanətləri 13% artıb".