EN

"OpenAI"dan strateji addım: 38 milyardlıq müqavilə

Süni intellekt şirkəti "OpenAI", "ChatGPT" və "Sora" kimi məhsullarını gücləndirmək məqsədilə "Amazon Web Services" (AWS) ilə 7 il müddətinə, 38 milyard dollarlıq bulud xidməti müqaviləsi imzalayıb. 

HİT.az xəbər verir ki, bu addım şirkətin ötən həftə "Microsoft" ilə münasibətlərində nisbi müstəqillik qazandıran struktur dəyişikliyindən sonrakı ilk böyük təşəbbüsü kimi qiymətləndirilir.

Razılaşma çərçivəsində "OpenAI" süni intellekt modellərini hazırlamaq və işlətmək üçün yüz minlərlə "Nvidia" qrafik prosessoruna (GPU) çıxış əldə edəcək. Şirkətin baş icraçı direktoru Sem Altman bildirib: "Yeni nəsil süni intellekt üçün etibarlı və nəhəng hesablama gücü vacibdir. AWS ilə əməkdaşlığımız bu dövrü gücləndirəcək infrastrukturun qurulmasına imkan yaradır".

"OpenAI"ın AWS platformasından dərhal istifadə etməyə başlayacağı, tam gücün isə 2026-cı ilin sonuna qədər aktivləşəcəyi, 2027-ci ildən etibarən daha da genişləndiriləcəyi bildirilir. "Amazon"un "Nvidia GB200" və "GB300" kimi yeni nəsil sürətləndirici çipləri məlumat mərkəzlərinə inteqrasiya etməklə ChatGPT-nin cavab sürətini artırmağı, süni intellekt vasitəsilə video istehsalını və yeni modellərin öyrədilməsini sürətləndirməyi planlaşdırdığı qeyd olunur.

Müqavilə elan olunduqdan sonra "Amazon" səhmləri tarixdə ilk dəfə rekord səviyyəyə çatıb. Buna qarşılıq, "OpenAI"ın uzunmüddətli tərəfdaşı olan "Microsoft"un səhmlərində qısamüddətli azalma müşahidə olunub.

Generativ süni intellekt modellərinin yüz milyonlarla istifadəçiyə xidmət göstərə bilməsi üçün fövqəladə hesablama gücü tələb olunur. Son illərdəki çip çatışmazlığı bu gücü təmin etməkdə ciddi çətinliklər yaradıb. Buna görə "OpenAI" öz GPU avadanlıqlarını istehsal etmək üzərində də işləyir.

Altman bildirib ki, şirkət 30 giqavattlıq hesablama infrastrukturu qurmaq üçün 1,4 trilyon dollar sərmayə yatırmağı planlaşdırır. Bu, təxminən 25 milyon ABŞ evinin enerji istehlakına bərabərdir. Uzunmüddətli hədəf kimi "OpenAI" hər həftə 1 giqavattlıq yeni hesablama gücü əlavə etməyi planlaşdırır. Bu isə bir nüvə elektrik stansiyasının enerji istehsalına ekvivalent nəhəng güc deməkdir və hər bir giqavatt sərmayəsi 40 milyard dollardan çox kapital tələb edir.

"OpenAI"ın bu miqyasda infrastruktur yatırımları "Microsoft"un təqdim etdiyi imkanlardan daha genişdir. Şirkət ötən həftə strukturunu dəyişərək "Microsoft"un prioritet xidmət təminatçısı statusunu ləğv edib.

Bundan öncə "OpenAI" iyun ayında "Google" ilə bulud xidmətləri üzrə müqavilə imzalamış, sentyabrda isə "Oracle" ilə beş il ərzində 300 milyard dollarlıq hesablama gücü təmin etmək barədə razılığa gəlmişdi. Bununla belə, "Microsoft" hələ də əhəmiyyətli tərəfdaş olaraq qalır: "OpenAI" uzunmüddətli perspektivdə 250 milyard dollarlıq "Azure" xidmətlərindən istifadə etməyi öhdəsinə götürüb.

Bu çoxmilyard dollarlıq müqavilələr investorlar arasında böyük maraq doğursa da, "OpenAI"nin maliyyə göstəriciləri hələ ki, yüksək gəlirli görünmür. "Reuters"in məlumatına görə, şirkətin illik gəliri 20 milyard dollara yaxınlaşsa da, zərərlər də artmaqdadır.

Ümumi həcmi 1 trilyon dolları keçən investisiya öhdəlikləri, süni intellekt sahəsində sürətlə yüksələn dəyərləmələr və bu texnologiyanın gözlənildiyi qədər “inqilabi” olmaya biləcəyi barədə mübahisələr ekspertləri potensial “AI balonu” riskini müzakirə etməyə vadar edir.

Digər tərəfdən, "OpenAI" 1 trilyon dollar dəyərləmə ilə ilkin səhmdar təklifi (IPO) hazırlıqlarına başlayıb. Lakin bu dəyərləmənin gəlirləri ilə müqayisədə çox sürətli nağd sərfiyyat edən bir şirkət üçün nə dərəcədə real olduğu mübahisə doğurur.

Samir

Chosen
42
37
hit.az

10Sources