EN

Vüsalə Alıcı: Türkiyədə Azərbaycan musiqisinə maraq günü gündən artır

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Antalya, 4 noyabr, Gülay Nəzərova, AZƏRTAC

Türkiyənin bir çox şəhərlərində keçirilən mədəni tədbirlərdə Azərbaycan musiqisinin və incəsənətinin ruhunu duymaq mümkündür. İfa olunan hər bir əsərdə, səhnəyə çıxan hər bir sənətçidə Vətən sevgisi və milli ruh hiss olunur. Bu, sadəcə musiqi deyil – iki qardaş xalqın ortaq yaddaşını, mədəni birliyini yaşadan bir körpüdür.

AZƏRTAC-ın müxbiri ilə söhbətində pianoçu, Azərbaycan sənətini Türkiyədə təbliğ edən Vüsalə Alıcı bildirib ki, uzun illərdir bu ölkədə fəaliyyət göstərərək həm klassik, həm də xalq musiqimizin incəliklərini tanıdır, tələbələrlə və gənc ifaçılarla birgə çalışır, onlara sənət yolunda dəstək olur. Onun həm səhnə çıxışları, həm də pedaqoji fəaliyyəti iki qardaş xalq arasında mədəni bağların möhkəmlənməsinə xidmət edir.

Vüsalə Alıcı qeyd edib ki, Azərbaycan musiqisinin təbliği onun üçün sadəcə bir peşə deyil, həm də mənəvi məsuliyyətdir: “Harada yaşamağımızdan asılı olmayaraq, hər birimiz Azərbaycan adını ucaldan bir missiyanın daşıyıcısıyıq. Mən musiqi vasitəsilə bu missiyanı həyata keçirirəm. Hər dəfə səhnəyə çıxanda düşünürəm ki, bu səslər sadəcə not deyil, xalqımın tarixidir, kimliyidir, ruhudur”.

O vurğulayıb, Türkiyədə Azərbaycan musiqisinə maraq günü-gündən artır. Bu marağın arxasında həm gənc ifaçıların təşəbbüsləri, həm də dövlətin mədəniyyət sahəsinə göstərdiyi diqqət dayanır: “Bizim sənətçilər bu ölkədə böyük sevgi ilə qarşılanır. Hər çıxışımızda insanlar təkcə musiqi eşitmir, həm də Azərbaycan ruhunu hiss edirlər. Bu, iki qardaş xalq arasında sarsılmaz dostluğun ən gözəl ifadəsidir”.

Pianoçu gənclərlə apardığı fəaliyyətə də toxunub: “Gənclər bizim gələcəyimizdir. Ən böyük məqsədim onlara sənət sevgisi aşılamaq və onların yaradıcılıq potensiallarını üzə çıxarmaqdır. Azərbaycan musiqisinin dərinliyini və gözəlliyini dərk edən gənc artıq milli kimliyini daha dərindən hiss edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
azertag.az

1Sources