EN

Enerji içkilərinin uşaqlar üçün qorxulu zərərləri Ekspert açıqladı

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Enerji içkiləri, eləcə də qazlı və rənglənmiş içkilərin orqanizm üçün zərərli olduğu artıq heç kimə sirr deyil. Etiketlərində “12 yaşdan aşağı uşaqlar üçün məsləhət görülmür” kimi xəbərdarlıqlar qeyd olunsa da, gündəlik həyatda bu içkiləri azyaşlıların əlində tez-tez görmək olur. Uşaqlar bu məhsulları həm market, həm də köşklərdən asanlıqla əldə edə bilirlər.

Bəs bu içkilərin uşaqların sağlamlığına zərəri hansı səviyyədədir?

Onların satışına nə dərəcədə nəzarət olunur?

Mövzu ilə bağlı Bakupost.az – a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib ki, enerji içkilərinin uşaqlar tərəfindən istifadəsi sağlamlıq baxımından ciddi risklər daşıyır.

Onun sözlərinə görə, bu içkilərin uşaqlara təsiri bir neçə istiqamətdə təhlükəlidir:

1.Sinir sisteminə təsiri

Enerji içkiləri yüksək miqdarda kofein və stimullaşdırıcı maddələr (taurin, guarana, ginseng və s.) ehtiva edir. Uşaqlarda bu maddələr hiperaktivlik, əsəbilik, narahatlıq, yuxusuzluq, diqqət pozğunluğu və baş ağrısı kimi hallara səbəb ola bilər.

2.Ürək-damar sisteminə zərər verir

Kofein və şəkərin yüksək miqdarı ürək döyüntülərinin sürətlənməsinə, qan təzyiqinin yüksəlməsinə və bəzi hallarda ürək ritm pozğunluğu və bayılma riskinin artmasına səbəb ola bilər.

3. Şəkər yükü və piylənmə riski

Bir qutu (250–500 ml) enerji içkisində 8–12 çay qaşığına bərabər şəkər olur. Bu da qan şəkərinin ani qalxıb düşməsinə, insulin müqavimətinin yaranmasına, diş çürüməsinə və artıq çəkiyə gətirib çıxarır.

4. Hormonal və inkişaf problemləri

Uşaqların orqanizmi hələ tam inkişaf etmədiyi üçün kofein və digər stimulyatorlara qarşı daha həssas olur. Uzun müddətli istifadə böyümə hormonlarının balansına təsir edə bilər, yuxu rejiminin pozulması ilə də bədən inkişafını ləngidir.

5. Yuxusuzluq və dərs performansının zəifləməsi

Enerji içkiləri “enerji verir” kimi görünsə də, əslində yuxu borcunu artırır. Uşaqlar gec yatmağa başlayır, beyin dincəlmir və bu da dərs zamanı yorğunluq, yaddaşın zəifləməsi, stress artımı ilə nəticələnir.

Fərid Səfərov vurğulayıb ki, enerji içkiləri böyüklər üçün belə təhlükəlidir, uşaqlarda isə təsiri daha güclü və zərərli olur. Ona görə də 12 yaşdan kiçik uşaqlara qətiyyən verilməməli, 18 yaşa qədər isə istifadəsi məhdudlaşdırılmalıdır.

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov isə Bakupost.az -a açıqlamasında bildirdi ki, əslində, bütün dünya istehlakçı hərəkatlarının təsiri altında məhsulların etiketində lazımi informasiyalar yazılır:

“Haradadır məntiq ki, kiçik yaşlı uşaqlara, immuniteti zəif olan insanlara zərərli olan qida sağlam adama zərər etməz? Məntiq yoxdur bu ifadələrdə. Çox yaxşı haldır ki, tərkibində öyrəşdirici maddələr olan içkilər barədə Qida Təhlükəsizliyi Agentliyi hələ artıq 3 il öncə iş aparıb və onların minimum həddini müəyyənləşdirilib. Ölkədə istehsal olunan və xaricdən gətirilən bu cür içkilər minimum öyrəşdirici maddələrə - taurin, kafein və s. malikdir. Standartların tələblərinə əməl olunur. Təsadüfi deyil ki, bu cür (qazlı, rənglənmiş) içkilərin məktəb bufetlərində satışı qadağandır. Müəllimlər, valideyn komitələri bu işlərdə fəal olmalı və elə etməlidirlər ki, evlərində bu içkilərin izi olmasın, uşaqlar kiçik yaşlardan belə içkilərə öyrəşməsinlər. Bütün qazlı və rənglənmiş içkilər arzuolunmazdır”.

Lalə Novruz, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
www.bakupost.az

2Sources