Kriştiano Ronaldo: “Mançester Yunaytedin hələ də strukturu yoxdur – Ruben Amorim möcüzə yarada bilməz”
Offsideplus.az xəbər verir ki, portuqaliyalı ulduz yenidən keçmiş klubu “Mançester Yunayted”i tənqid edib. O, Pirs Morqana verdiyi yeni müsahibəsində klubun hələ də inkişaf strukturu qurmadığını bildirib və yeni baş məşqçi Ruben Amorimin hazırkı şəraitdə “möcüzə yarada bilməyəcəyini” deyib.
“Mənim üçün bu, kədərlidir. Çünki "Mançester Yunayted" dünyanın ən vacib klublarından biridir, hələ də ürəyimdədir. Amma onların strukturu yoxdur. Gələcək üçün ağıllı insanlara qulaq asmaq və sabit baza yaratmaq lazımdır – illər öncə klub bunu edə bilirdi, indi isə yox.”
39 yaşlı futbolçu əlavə edib ki, Amorim çox çalışır, lakin bu vəziyyətdə nəticə qazanmaq asan deyil:
“O əlindən gələni edir, amma möcüzə yarada bilməz. Portuqaliyada deyirlər ki, ‘möcüzələr yalnız Fatimada baş verir.’”
Ronaldo, həmçinin, “Mançester Yunayted”in bu mövsüm Premyer Liqa titulunu qazana bilməyəcəyini vurğulayıb və klubun qeyri-sabit oyununu əsas səbəb kimi göstərib.
Tanış tənqidlər:
Bu açıqlamalar Ronaldonun 2022-ci ildə verdiyi məşhur müsahibəsini xatırladır. Həmin vaxt o, klub rəhbərliyini inkişafsızlıqda günahlandırmış və baş məşqçi Erik ten Haqın işini tənqid etmişdi.
Bu dəfə də o, Sir Cimm Ratklifin rəhbərlik etdiyi INEOS qrupunun investisiyalarına baxmayaraq, klubun hələ də idman, elmi, bərpa sistemləri və uzunmüddətli planlaşdırma baxımından Avropa nəhənglərindən geri qaldığını söyləyib:
“Bu səviyyədə bir klub zirvədə olmalıdır. Təəssüf ki, indi belə deyil.”
Klubun hazırkı vəziyyəti:
Ronaldonun tənqidlərinə baxmayaraq, “Mançester Yunayted” Ruben Amorimin rəhbərliyi altında son dörd oyunda 10 xal toplayaraq Premyer Liqada ilk səkkizliyə yüksəlib.
Sir Cimm Ratklifin yay planları çərçivəsində klub 170 milyon funt sterlinqdən çox sərmayə qoyaraq Benjamin Şeşko, Matheus Kunya və Bryan Mbeumo kimi futbolçuları transfer edib, həmçinin Karrinqton bazasında infrastruktur yenilənib.
“Mançester Yunayted” növbəti turda səfərdə “Tottenhem”lə qarşılaşacaq, Ronaldo isə “Əl-Nəsr” formasında Səudiyyə Ərəbistanı Liqasında “Neom”a qarşı meydana çıxacaq.