EN

Əsgərlərimiz nə qədər maaş alır? - Kartla maaşın xeyri nədir?...


Emin Həsənli: “Əsgər kartları” şəffaflığın təmin edilməsində mühüm addımdır

Hazırda Azərbaycanda əsgərlərə maaşları kartla verilir. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilir. Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyətinin xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam edir:

“Tədbirlər çərçivəsində bütün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının "əsgər kartı" ilə təmin olunması planlı şəkildə yerinə yetirilib. Bununla da əsgərlərin aylıq məvaciblərini vaxtında, rahat və şəffaf şəkildə əldə etmələrinə nail olunub".

Qeyd edildiyi kimi, artıq əsgərlərə maaş kart vasitəsilə veriləcək. Maraqlıdır, əvvəllər əsgərlərə əmək haqqı hansı formada verilirdi? Ümumiyyətlə, ölkəmizdə xidmət edən əsgərlərin maaşı təxminən nə qədərdir?

“Əsgərlərin yeməyi, geyimi, yataq yeri və digər əsas tələbatları dövlət hesabına qarşılandığından, yalnız şəxsi xırda ehtiyaclar üçün müəyyən məbləğ ödənilir”

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əsgərlərə maaş kartının verilməsi müsbət haldır və bu şəffaflığı təmin edəcək: “Hərbi hissələrdə bankomat var, əsgərlər həmin bankomatlar vasitəsilə istədiyi məbləği kartdan çıxardıb nağdlaşdıra bilər və ya alış-veriş zamanı da həmin kartdan istifadə edə bilər”.

Həmsöhbətimizin dediyinə görə, əsgərlər hər zaman əmək haqqı alıb: “Əvvəllər onlara əmək haqqı nağd formada verilirdi. Əsgərlərə lazım olan minimum ləvazimatlar var ki, onları öz pulları ilə alırlar. Düzdür, sağlıq baxımından yararlı olmasa da, siqaret çəkən əsgərlər az deyil. Əsgərlər arasında siqaret çəkənlər də var. Əsgərlərə maaş verilməsi yaxşı haldır, bu onların sosial iqtisadi durumuna təsir edir. Onların yeməyi, geyimi, yataq yeri və digər əsas tələbatları dövlət hesabına qarşılandığından, yalnız şəxsi xırda ehtiyaclar üçün müəyyən məbləğ ödənilir. Ümumiyyətlə, əsgər maaşı onların ehtiyacını qarşılayacaq səviyyədədir. “Əsgər kartları” şəffaflığın təmin edilməsində mühüm addımdır”.

Günel CƏLİLOVA

Chosen
33
baki-xeber.com

1Sources