EN

Novruzəli Aslanov: “Şuşa zəfəri bütün Türk dünyası üçün əbədi qürur mənbəyi olaraq qalacaq”



“Ölkə Prezidenti cənab İlham Əliyev 2020-ci ildə Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək məqsədilə başlamağa məcbur olduğu Vətən müharibəsinin ilk günlərindən əsas hədəf olaraq Şuşanın azad olunmasını müəyyən etmişdi. Buna görə də Azərbaycan Ordusunun bütün əməliyyatları mahiyyət etibarı ilə məhz Şuşanı ələ keçirmək üçün zəmin yaradırdı. Dövlət başçımız həmin ərəfədə verdiyi müsahibələrin birində müxbirin sualını cavablandıraraq demişdi: “İstiqamət hər tərəfdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”. Hərbi əməliyyatların davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu 2020-ci il noyabrın 8-də reallığa çevrildi. Tanklarla, digər zirehli texnika ilə silahlanan, əlverişli mövqedə yerləşən düşmənin qarşısına yüngül silahlarla çıxmaq yüksək peşəkarlıq və əlbəttə ki, böyük fədakarlıq tələb edirdi. Qəhrəman döyüşçülərimiz keçilməsi mümkünsüz sayılan sıldırım qayalara dırmanaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını şərəflə icra etdilər. Birmənalı olaraq demək lazımdır ki, Qarabağ Zəfərinin zirvəsində məhz Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı cənab Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Daha sonra millət vəkili Şuşa şəhərinin Azərbaycan xalqı üçün və bütün Türk dünyası üçün müstəsna əhəmiyyətini vurğulayaraq bunları deyib: “Dövlətimizin başçısı 2020-ci il noyabrın 8-də Şəhidlər Xiyabanından Azərbycan xalqına Şuşa müjdəsini verərərkən bu şəhərin və bu günün tarixi əhəmiyyətini ən aydın şəkildə səciyyələndirmişdir. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı. Dövlət başçımızın 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən 8 noyabr tarixi ölkəmizdə hər il Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. Dövlət başçımızın müvafiq Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Şuşa, həmçinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi. Artıq neçə müddətdir ki, Şuşa bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu şanlı tarix təkcə bizim üçün yox, həm də bütün Türk dünyası üçün əbədi qürur mənbəyi olaraq qalacaq” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Chosen
31
aia.az

1Sources