EN

Avtobus özü gedir, direktor "yorulub" deyir - "Çinar Trans"ın direktorundan qəribə AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda gecə saatlarında baş verən növbəti avtobus qəzası bir daha paytaxtda ictimai nəqliyyatın texniki vəziyyəti və nəzarət mexanizmlərinin sual altında olduğunu göstərdi.

Redaktor.az-ın Baku TV-yə istinadən məlumatına görə, “Çinar Trans” MMC-yə məxsus 202 saylı marşrut avtobusu Binəqədi rayonunun Biləcəri qəsəbəsində idarəetməni itirərək bir neçə avtomobili əzib, daha sonra gül mağazasına çırpılıb. Qəza nəticəsində bir nəfər - “Hyundai” markalı avtomobilin sürücüsü Faiq Axundov xəsarət alıb.

Avtobusun sürücüsü Habil Nəsirov hadisə ilə bağlı açıqlamasında bildirib ki, dayanacaqdan çıxdıqdan sonra nəqliyyat vasitəsinin sürəti qəfil artıb:

“Maşını duracaqda saxladım, ətrafa baxdım. 1,5 dəqiqə vaxtımız vardı. Yenidən maşına oturdum, 11-13 metr məsafədə gördüm ki, sürət artır. Camaat dayanmışdı, onların üstünə sürməmək üçün məcbur obyektin eyvanına sürdüm. Maşının beyni qarışıb.”

Sürücü avtobusda 19 sərnişinin olduğunu, onların xəsarət almadığını bildirib.

Redaktor.az hadisə ilə bağlı “Çinar Trans” MMC-nin direktoru ilə əlaqə saxlayıb. 

“Çinar Trans” MMC-nin direktoru qəzanı avtobusun texniki nasazlığı ilə deyil, texniki yorğunluqla əlaqələndirib:

“Maşın dayanacaqdan 20 metr yuxarıda idi, özü qaz götürüb gedib. Maşın yeni nəsil "İsuzu Sport"dur, 2022-ci ilin modelidir. Texniki baxışdan keçir, amma axşam yorulur. Qaz ilişir, olur belə şeylər.”

Direktorun sözlərinə görə, şirkətin bütün avtobusları texniki pasporta malikdir və mütəmadi olaraq baxışdan keçirilir. Lakin o, niyə “yeni nəsil” avtobusun idarəetməni itirməsi barədə konkret izahat verə bilməyib.

“Yeni” avtobusda necə olur ki, qaz ilişir?

Hadisə ictimaiyyətdə haqlı suallar doğurur. Əgər avtobus doğrudan da 2022-ci il istehsalıdırsa, niyə cəmi iki-üç il ərzində texniki nasazlıq baş verir?

Sürücü “maşının beyni qarışıb” deyir, direktor isə “qaz ilişib” - bu iki fərqli açıqlama, nəqliyyat vasitələrinin texniki vəziyyətinə real nəzarətin olmamasını üzə çıxarır.

Bakıda ictimai nəqliyyatın tez-tez baş verən qəzalara səbəb olması, avtobusların müntəzəm “texniki baxışdan keçməsi” ilə bağlı iddiaların sadəcə formal xarakter daşıdığını göstərir. “Yeni” adlandırılan nəqliyyat vasitələrinin belə nasazlıq yaratması həm sürücülərin, həm də sərnişinlərin təhlükəsizliyini ciddi risk altına salır.

Ümid edirik ki, baş verən bu hadisə məsul qurumlar üçün siqnal rolunu oynayacaq və ictimai nəqliyyatda texniki təhlükəsizlik məsələlərinə formal deyil, real nəzarət mexanizmləri tətbiq olunacaq.

Aminə ŞAHSUVARQIZI

Chosen
24
1
redaktor.az

2Sources