EN

Bu da ABŞ demokratiyası - Tramp müsəlman namizədə "maliyyə müharibəsi" elan etdi...


ABŞ-da Nyu-York meri seçkiləri öncəsi yaranmış siyasi gərginlik bu dəfə təkcə şəhər səviyyəsində deyil, milli miqyasda demokratiya anlayışının mənəvi və institusional dayaqlarını sınağa çəkdi. Demokrat Sosialist Partiyasının müsəlman mənşəli namizədi Zöhran Məmdaninin açıq fərqlə öndə olması ABŞ prezidenti Donald Trampın sərt və təhqiramiz açıqlaması ilə müşayiət olundu.

Trampın “kommunist ruhi xəstə” ifadəsi və “əgər Məmdani qalib gələrsə, Nyu-Yorka minimum maliyyələşdirmədən artıq vəsait ayrılmayacaq” bəyanatı, demokratik idarəetmənin mahiyyətinə, seçki azadlığına və din azadlığına yönəlmiş təhlükəli siqnal kimi dəyərləndirilir.

ABŞ Konstitusiyası federal sistemin əsas prinsipi kimi yerli idarəetmənin siyasi müstəqilliyini təmin edir. Prezidentin şəhər rəhbərliyinə qarşı maliyyə təhdidi səsləndirməsi, əslində, federalizmin mənəvi strukturuna zərbədir. Seçkilərin nəticələrindən asılı olmayaraq, federal maliyyələşmə sosial infrastrukturun, ictimai təhlükəsizliyin və sosial ədalətin qorunması məqsədi daşıyır. Bu vəsaitlərin siyasi vasitəyə çevrilməsi isə demokratik sistemin ən zərif bəndlərini qopara bilər.

Tarixdə ABŞ prezidentləri arasında siyasi rəqiblərə qarşı sərt ritorika nümunələri olub, lakin Trampın bu bəyanatı həm məzmun, həm də məqsəd baxımından fərqli xarakter daşıyır. Məsələn, Riçard Nikson dövründə siyasi opponentlərə qarşı təzyiqlər daha çox gizli inzibati metodlarla aparılırdı. Ronald Reyqan və ya Barak Obama kimi prezidentlər isə şəhər və ya ştat səviyyəsində siyasi fərqlərə baxmayaraq, federal resursların bərabər paylanmasını qorumağa çalışıblar. Hətta Co Bayden dövründə Texas və Florida kimi Respublikaçı ştatların rəhbərləri federal siyasətlə kəskin ziddiyyətlərdə olsalar da, Ağ Ev heç vaxt sosial və iqtisadi vəsaitləri siyasi təzyiq vasitəsinə çevirməyib.

Trampın ritorikasında isə həm şəxsi aqressiya, həm də ideoloji düşmənçilik komponenti aydın sezilir. Onun “kommunist” damğası altında təqdim etdiyi Məmdani, əslində, demokratik sosializm ideyalarını müdafiə edir, yəni iqtisadi ədalət və bərabər imkanlar kimi universal dəyərləri önə çəkir. Trampın bu ideoloji fərqləri “düşmənləşmə” səviyyəsinə qaldırması ABŞ-da demokratiyanın mədəni əsaslarını - fikir plüralizmini və qarşılıqlı hörmət qaydasını sarsıdır.

Məsələnin daha dərin mənəvi tərəfi Trampın bəyanatında din faktorunun dolayı şəkildə hədəfə alınmasıdır. Zöhran Məmdaninin müsəlman kimliyinin siyasi diskursda önə çəkilməsi ABŞ Konstitusiyasının birinci düzəlişinin ruhuna ziddir. Amerika siyasi ənənəsi fərqli inanclara sahib insanların dövlət idarəçiliyində iştirakını milli dəyər kimi təqdim edib. Con F.Kennedinin katolikliyinə görə 1960-cı il seçkilərində tənqidə məruz qalması o zaman demokratik dözümlülük müzakirələrinin başlanğıcına çevrilmişdi. Məmdaniyə qarşı bu gün səslənən fikirlər həmin dövrün köhnə dini şübhələrini yenidən canlandırır.

ABŞ demokratiyasının ən mühüm dayağı onun mədəni və hüquqi özünü tənzimləmə qabiliyyətidir. Lakin Trampın ritorikası bu tarazlığı pozur. Seçki institutlarını zəiflədir, vətəndaşlar arasında qütbləşməni dərinləşdirir və dövlətin siyasi neytrallığına kölgə salır. Əgər federal hakimiyyət seçici iradəsini maliyyə təhdidi ilə yönləndirməyə cəhd göstərirsə, bu artıq demokratiyanın formal deyil, mənəvi deqradasiyası deməkdir.

Bu mənzərə fonunda Trampın mövqeyi təkcə bir seçkiyə münasibət deyil, həm də Amerika siyasi sisteminin gələcək istiqamətinə dair xəbərdarlıq kimi oxunmalıdır. ABŞ uzun illər dünyada demokratik mədəniyyətin simvolu olub. Lakin bu simvol indi daxili siyasətin sərt ritorikası və populist emosiyalar altında kölgələnir. Əgər demokratik institutlar bu cür siyasi basqılara qarşı möhkəm durmasa, ABŞ-ın öz “demokratiya beşiyi” statusu belə, mənəvi etibarlılığını itirə bilər.

Onu da vurğulayaq ki, Trampın rəqibi olan Mamdani Nyu-York şəhər meri vəzifəsinə seçkilərdə qalib gəlib. Demokratlar Partiyasının namizədi olan Zöhran Mamdani səslərin 50,6 faizini toplayaraq Nyu-Yorkun ilk müsəlman meri olub.

2020-ci ildə Nyu-York Ştat Assambleyasına seçilən Mamdani, ştatın 36-cı dairəsini təmsil edərək, assambleyada xidmət edən ilk Cənubi Asiyalı, ilk uqandalı və üçüncü müsəlman üzv olub.

1991-ci ildə Uqandanın paytaxtı Kampalada anadan olan Zöhran Mamdani hind əsilli müsəlman ailəsində doğulub. O, 1998-ci ildə yeddi yaşında ailəsi ilə birlikdə ABŞ-a köçüb və ömrünün çox hissəsini Nyu-Yorkda keçirib.

Akif NƏSİRLİ

Chosen
41
17
baki-xeber.com

10Sources