EN

Litva bu sahədə də Ukraynaya yardım əlini uzatdı

Litva Klaypeda Dövlət Dəniz Limanında fəaliyyət göstərən terminal vasitəsilə Ukraynaya mayeləşdirilmiş təbii qaz tədarük etməyə hazırdır.

Musavat.com xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında deyib. Nausedanın mətbuat katibliyinin yaydığı açıqlamada tədarükün təşkilinin təfərrüatları dəqiqləşdirilməyib.

Dəniz yolu ilə qaz qəbulu üçün Klaypeda terminalı 2014-cü ilin dekabr ayında istifadəyə verilib. Əvvəllər Litvanın qaz şəbəkələri yalnız şərq istiqamətində inteqrasiya olunurdu. Terminalın tikintisi 101 milyon avroya başa gəlib. Vilnüs həmçinin Norveçin Hoeg LNG şirkətinə "Independence" baza gəmisinin icarəsi üçün 10 il müddətinə əlavə 56 milyon avro ödəyib. Dekabr ayında Litva onu 138,04 milyon dollara alıb.

Qeyd edək ki, Rusiyanın hasilat infrastrukturuna zərbələri Ukraynanı yerli qaz təminatından demək olar ki, məhrum edib. Ölkə bu qışı keçirmək üçün 2 milyard dollarlıq qaza ehtiyac duyur. Rusiyanın hücumları Rumıniya istiqamətindən qaz nəqli infrastrukturunun imkanlarını xeyli məhdudlaşdırıb. Buna görə də qazın Litva üzərindən nəqli məsələsi gündəmə gəlib.

 

Musavat.com

 

Chosen
43
musavat.com

1Sources