EN

Qarabağın "yaşıl dünya"sı

İşğaldan azad edilən ərazilərimizin ekologiyası da bərpa olunur

İşğal dövrü ərzində Qarabağ və Şərqi Zəngəzur bölgəsində ekoloji terror həyata keçirilib. Bu ərazilərdəki təbiət abidələrinə, qoruqlara, meşələrə, biomüxtəlifliyə ciddi ziyan vurulub, kənd təsərrüfatı torpaqları yararsız hala salınıb. Eyni zamanda yerə basdırılan bir milyondan çox mina həmin ərazilərdə insanlar üçün böyük fəlakətə çevrilib. Buna görə  işğaldan azad edilən torpaqların həm də ekoloji bərpası dövlətimizin qarşısında duran vacib məsələlərdən biridir. 44 günlük müharibədən dərhal sonra işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsinə başlanılıb və burada genişmiqyaslı quruculuq işlərinə start verilib, təbiətin bərpasına başlanılıb. Artıq bu bölgələrimizə səfər edən hər kəs işğal dövründə düşmən tərəfindən "yandırılmış torpaq"ların qısa müddətdə necə yaşıllaşdırıldığının şahidi olur.

Bu il noyabrın 3-də Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərinin sakinləri ilə görüşündə Prezident İlham Əliyevin "Mən indi Ağalının içi ilə keçdim və yeni binalarla tanış olarkən gördüm ki, bütün həyətyanı sahələr sanki gözəl bir bağa çevrilib" deməsi də elə Qarabağ və Şərqi Zəngəzurun canlandığına, yaşıllaşdığına, bu torpaqlara yenidən həyatın qayıtmasına rəmzi işarə idi. 

Ekoloji fəlakətlərə yol açılıb

İşğaldan azad edilən bölgələrimizin ekologiyasının tam bərpası üçün qarşıda görüləsi işlər çoxdur. Bununla bağlı məlumat verən Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurda işğal illərində təbii sərvətlərimiz qeyri-qanuni şəkildə talanıb, aparılan mədən işləri ekoloji fəlakətlərə yol açıb: "Bu iqtisadi rayonlar zəngin və rəngarəng yeraltı sərvətləri ilə ölkəmizin digər bölgələrindən fərqlənir. Burada kifayət qədər qızıl, civə, mis, polimetal, perlit, tikinti materialları və digər faydalı qazıntı ehtiyatları var. Yeraltı sərvətlərin zənginliyi erməni işbazlarının diqqətini cəlb etmiş, faydalı qazıntıların heç bir ekoloji standart və normalara uyğun olmayan üsullarla istismarı yalnız gəlir əldə etmək məqsədilə həyata keçirilmişdir". 

Alimin sözlərinə görə, işğal dövründə "Söyüdlü" yatağının qeyri-qanuni istismarı nəticəsində subalp çəmənliklərindən ibarət zəngin bioloji müxtəlifliyə malik 800 hektardan çox dağ-çəmən ekosistemləri tamamilə məhv edilib. Buradakı filizin təmizlənməsi zamanı istifadə olunan vəhşi üsullar nəticəsində yaranan süxur tullantıları şirin su ehtiyatlarının, çayların və bulaqların çirklənməsinə, terrikon təpələrinin yandırılmasına səbəb olub. Güclü yağışlar zamanı terrikon təpələrdə süxurun tərkibindəki ağır metallar və zərərli kimyəvi elementlər səth sularının təsiri ilə miqrasiyaya məruz qalıb və ətraf ekosistemlərdə bitki örtüyü və torpaq mikroorqanizmlərini məhv edərək səhralaşmaya şərait yaradıb.

Yeri gəlmişkən bildirək ki, 2022-ci ilin sonlarından etibarən azərbaycanlı ekofəallar Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda etiraz aksiyası keçirərək dünya ictimaiyyətinin də diqqətini ermənilərin törətdikləri ekofəlakətlərə yönəltmişdilər. 

Su ehtiyatları çirkləndirilib 

Mütəxəssisin məlumatına əsasən, Qarabağın və Şərqi Zəngəzurun şirin su ehtiyatlarının Ermənistanın çirkli sənaye və kənd təsərrüfatı suları ilə mütəmadi olaraq çirkləndirilməsi bu ərazilərdə canlı ekosistemlərə ciddi ziyan vurur. Araz çayı və onun sol qolları Ermənistanın 16-dan çox  yaşayış yerinin çirkab suları ilə mütəmadi olaraq çirkləndirilir. 

Aparılmış araşdırmalarla məlum olub ki, Araz çayının Ermənistandan Naxçıvana daxil olduğu hissəsində suyun tərkibində fenolların miqdarı 220-1160, ağır metalların miqdarı 36-44, azot-fosfor duzları 26-34, xloridlərin miqdarı 28, neft əsaslı çirkləndiricilər isə ekoloji normadan 73-112 dəfə çoxdur. Ermənistan ərazisindən Araz çayına tökülən Zəngi çayı çirklənmə səviyyəsinə görə həmin ölkədə ən yüksək səviyyədədir. Nəticədə Azərbaycan ərazilərindən keçən Arazın şirin su ekosistemində balıq növləri azalır və balıqlarda müxtəlif xəstəliklər yaranır.  Oxçuçay Ermənistanın Mehri, Qacaran, Qafan və digər dağ-mədən sənayesinin turş suları, ağır metalları və sair ilə çirkləndirilib. Mədənlərin tam gücü ilə işlədiyi dövrdə çayda misin miqdarı ekoloji normadan 20-45, fenolların miqdarı isə 5-10 dəfə çox olur. Bu çaylarda ekoloji vəziyyətin pisləşməsi şirin su orqanizmlərinin müəyyən dərəcədə məhvinə səbəb olur. 

Xonaşen, Qarqarçay, Xaçınçay, İncəsuçay, Coğazçay, Oxçuçay, Tərtərçay çayları öz mənbələrini Qarabağ və Şərqi Zəngəzurdan alır. İşğal dövründə ermənilər bu çaylara müxtəlif məişət tullantıları, zavod və mədənlərin çirklənmiş sularını axıdıblar. Bərgüşad və Həkəri çaylarının zəngin və qiymətli balıq sortları ermənilər tərəfindən elektrik cərəyanları və partlayıcı maddələrlə məhv edilib. 

İşğal zamanı bu ərazilərdəki göllər də çirkləndirilib. Onların arasında ən çox antropogen təsirə məruz qalan isə sərhəddə yerləşən İşıqlı Qaragöldür. Göl Ermənistanın və Azərbaycanın təbii mühafizə zonası olub və qeyri-qanuni məskunlaşmaya məruz qalıb. Gölün suyunun Ermənistan tərəfindən suvarma üçün istifadə edilməsi (böyük nasos stansiyaları quraşdırılıb) onun tükənməsinə və biomüxtəlifliyin itirilməsinə səbəb olurdu.

M.İsmayılov vurğuladı ki, işğal dövründə şirin su ekosistemlərində yaranmış ekoloji fəlakətin aradan qaldırılması üçün torpaqlarımızın azadlığa qovuşmasından sonra dövlətimiz tərəfindən burada fövqəladə tədbirlər həyata keçirilməyə başlanıb. 

Meşə sahələri məhv edilib

Alim məlumat verdi ki, işğala qədər Qarabağ və Şərqi Zəngəzurda meşələr 247 min hektar ərazini əhatə edirdi. İşğal zamanı isə ermənilər 40 min hektar meşə sahəsini tamamilə məhv ediblər: "Qarabağ və Şərqi Zəngəzurda 460 növ qiymətli ağac və bitki növü vardır ki, bunlardan 70 növü endemikdir. Təəssüf ki, hazırda ərazidə bu bitki növlərinə rast gəlinmir. Ağdamın Şelli, Seyidli, Sarıcallı və Əliağalı kəndlərində yaşı 150-250 il olan 8 Şərq çinarının və dövlət qeydiyyatına alınmış yaşı 400 ildən çox olan 71 təbiət abidəsinin məhv edildiyi və ya yandırıldığı müəyyən edilib. 

Mirnuh İsmayılov qeyd etdi ki, Zəngilan rayonunun Bəsitçay vadisində təbii çinar meşəsi var. Ərazinin ölçüsü 170 hektardır. Bunun 107 hektarı 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunda mühafizə olunur. Ermənilər Zəngilanın Razdərə kəndində, çinar meşələrinin yaxınlığında ağac emalı zavodu açmışdılar: "Bank-İnformasiya" Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi də məlumat verib ki, Zəngilan rayonunun qiymətli təbii çinar meşələri tamamilə qırılaraq dağıdılıb, ağacların köklərini məhv etmək üçün partlayışlar törədilib".

Alimin sözlərinə görə, Kəlbəcər rayonunda 986 hektar ərazidə "Qırmızı kitab"a daxil edilmiş Azərbaycanın çox qiymətli və endemik bitkisindən ibarət unikal meşə ayıfındığı ekosistemi də işğal dövründə ekoloji terrora məruz qalıb: "Şuşa yaxınlığındakı Topxana meşəsindəki ağaclar ya qırılıb, ya da ciddi şəkildə zədələnib. "Haça yal" adlanan ərazidəki meşədə isə 2000-dən çox sağlam palıd  ağacı qırılaraq məhv edilib. Cıdır düzündəki və ətraf ərazidəki meşə ekosistemləri eyni aqibəti yaşayıb, 18 hektarda unikal əhəmiyyətli yaşıllıqlar məhv edilib. Şuşa şəhərindəki yaşıllıqlar da ekoloji fəlakətə məruz qalıb". 

Regionda işğala qədər 63 növ məməli məskunlaşmışdı. Bunlardan səfsər, çay su samuru, qonur ayı, zolaqlı kaftar, qamış pişiyi, səhra pişiyi, vaşaq, Qafqaz bəbiri, bezoar keçisi, nəcib maral və sair "Qırmızı kitab"a da düşüb. Bu heyvanların bəzi növləri isə "Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı siyahısı"na (IUSN) daxil edilib. Ermənilərin Azıx mağarasında apardıqları qeyri-qanuni arxeoloji qazıntılar nəticəsində bu ərazini yaşayış yeri seçmiş nadir yarasa növlərinə də ciddi ziyan dəyib. İşğal zamanı həyata keçirilən yanğınlar müxtəlif fauna növlərinin kütləvi şəkildə məhvinə yol açıb. Laçın meşələrində qırmızı palıdın, tozağacı və fındığın qırılması bir sıra quş və heyvan növlərinin ekosisteminin dağılmasına və onların sayının azalmasına səbəb olub.

Qarabağın landşaft ekoloji karkas şəbəkə xəritəsi yaradılıb

Mirnuh İsmayılov dedi ki, "Böyük qayıdış" proqramına uyğun olaraq Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsi son iki il ərzində Qarabağ və Şərqi Zəngəzur ərazisində ekogeokimyəvi tədqiqatlar aparıb: "Bitki, süxur, su, müxtəlif dərinliklərdən götürülmüş torpaq nümunələri laboratoriya şəraitində analiz edilmişdir. Məlum olmuşdur ki, bəzi ərazilərdə, xüsusilə hərbi təsirlərə məruz qalmış ərazilərdə ağır metalların anomal yüklənməsi yer qabığındakı orta normadan çoxdur. Bu da həmin ərazidə məskunlaşma işlərinin aparılması zamanı nəzərə alınması vacib məsələlərdən biridir".

Alim vurğulayır ki, əvvəlki dövrlərin, xüsusilə işğal dövründə olan ziyanların üzə çıxarılması üçün xüsusilə Oxçuçay sahillərində çay yatağından və ona yaxın sahələrdən də nümunələr götürüblər: "Həmin nümunələrin analizi ürəkaçan olmayıb. Müəyyən qədər ağır metalların torpaqda, çayətrafı ərazilərdə toplanması müşahidə edilib. Hələlik təhlillər davam etdirilir. Yaxın günlərdə bunların irimiqyaslı xəritələnməsi həyata keçiriləcək və bu da olduqca vacib məsələdir". 

Onun sözlərinə görə, son zamanlar gördükləri işlərdən biri də Qarabağın landşaft ekoloji karkas şəbəkə xəritəsini yaratmalarıdır: "Bu xəritə əsasən yenidən məskunlaşdırılan ərazilər üçün çox vacib irimiqyaslı xəritədir. Xəritədə hansı dərəcədə xüsusi mühafizə olunan ərazilər yaradılması, o cümlədən təbiət abidələrinin necə qorunmaları parametrləri və sair haqqında geniş məlumat verilir. Sözügedən xəritədə dörd yeni xüsusi mühafizə olunan dövlət qoruğu və ya milli park statusunda ərazinin yaradılması təklif edilib. Aidiyyəti dövlət qurumları bundan kifayət qədər istifadə edə bilərlər". 

Alim deyir ki, Qarabağ və Şərqi Zəngəzur üçün ekosistemlərin antropogen, hərbi texnogen transformasiyasına aid tədqiqatlar da aparıblar və xəritələşmə həyata keçiriblər. Məlum olub ki, ən güclü transformasiya Cəbrayıl, Füzuli, Ağdam rayonlarının ərazilərindədir. Xüsusilə cəbhə xətti keçən ərazilərdə transformasiyanın yüksək səviyyədə olması müəyyən edilib, xəritələşdirilib: "Bununla əlaqədar tanınmış xarici elmi nəşrlərdə məqalə çap etdirilib və bu, kifayət qədər maraq doğurub". 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

1Sources