EN

Overçuk Şahin Mustafayevə təşəkkür etdi

BAKI, 6 noyabr. TELEQRAF

Rusiya ilə Ermənistan arasında Azərbaycan və Gürcüstan ərazisindən keçən birbaşa dəmir yolu əlaqəsinin bərpası Cənubi Qafqazda sülhün və əməkdaşlığın möhkəmlənməsinə real töhfədir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, noyabrın 5-də axşam saatlarında Rusiya ərazisindən yola düşən taxıl daşıyan qatar Azərbaycan və Gürcüstan üzərindən Ermənistana çatıb:

"Azərbaycan və Gürcüstan ərazisindən keçən Rusiya ilə Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsinin başlanmasını alqışlayırıq. Ermənistan müstəqillik əldə etdikdən sonra ilk dəfə bu formatda birbaşa nəqliyyat əlaqəsi qurulur. Bu hadisə Cənubi Qafqazda sülhün bərqərar olmasına, regional sabitliyə və iqtisadi inkişafına real töhfədir".

Aleksey Overçuk qeyd edib ki, yeni marşrut Rusiyanın Cənubi Qafqaz ölkələri ilə nəqliyyat əlaqələrini gücləndirəcək, Ermənistan bazarlarının Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələr üçün əlçatanlığını artıracaq, eyni zamand Ermənistan məhsullarının Aİİ bazarlarına çıxışını asanlaşdıracaq:

"Simvolik məna daşıyır ki, bu yol ilə ilk daşınan yük Rusiya taxılı olub. Taxıl həyatın və yaradıcılığın rəmzidir. Bu fakt Cənubi Qafqazda qarşıdurmadan əməkdaşlığa keçid istiqamətində ümumi istəyimizi bir daha nümayiş etdirir".

Ölkə rəsmisi həmçinin regionda nəqliyyat əlaqələrinin bərpası istiqamətində əməkdaşlığa görə tərəfdaş ölkələrə təşəkkür edib:

"Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı birgə fəaliyyətə görə Azərbaycn Baş nazirinin müavini Şahin Mustafayevə, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryana, eləcə də bu marşrutun təşkili prosesində konstruktiv mövqe nümayiş etdirdiyinə görə Gürcüstana təşəkkürümü bildirirəm".

Chosen
38
3
teleqraf.com

5Sources