EN

Məhkəmə vəzifəli şəxsin cəzasını azaltdı

Ali Məhkəmədə dələduzluğa cəhddə və digər cinayətlərdə təqsirləndirilən Mirzəməmməd Məmmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Cinayət Məcəlləsinin 29,178.3.2, 294.1, 32.4,308.1, 32.4,309.1, 32.4,313, 32.4,320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Mirzəməmməd Məmmədovun barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı qismən, yəni məhkumun Cinayət Məcəlləsinin 29,178.3.2 və 294.1-ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddələr ilə cəza təyin edilməsinə dair hissədə ləğv olunub. Həmin hissədə cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 29,178.3.2-ci maddəsi ilə Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsində göstərilən əsasla – cinayət hadisəsi olmadığına görə, Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsində göstərilən əsasla – təqsirliliyinin sübuta yetirilməməsinə görə xitam verilib. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddəsinə əsasən həmin maddələrlə cəza təyininə dair müddəalar qərardan xaric olunub. Bakı Apellyasiya Məhkəməsinin Mirzəməmməd Məmmədovun cəza təyininə aid hissədə dəyişdirilib. Ona 1 il 10 müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


İttihama görə, Mirzəməmməd Məmmədov Xəzər rayon Mərdəkan bələdiyyəsinin vəzifəli şəxsi olaraq digər şəxslərlə qabaqcadan əlbir olaraq, zərərçəkmiş şəxsə məxsus torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirmək məqsədilə cinayətkar əlaqəyə girib.


Belə ki, o, keçmiş Əzizbəyov rayonun İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli, 13 saylı qərarı ilə zərərçəkmiş şəxsə ev tikmək məqsədilə ayrılmış, qərarda 750 kvadratmetr göstərilsə də faktiki istifadəsində 1040 kvadratmetr olan, 156 min manat dəyərində torpaq sahəsinin başqasına məxsus olduğunu bilə-bilə həmin ərazini ələ keçirmək niyyəti ilə 2022-ci ilin aprel ayında digər şəxslərlə birlikdə cinayətkar qrup halında birləşib.


Cinayətkar niyyətə uyğun olaraq, 2022-ci ilin may ayında Xəzər rayon Mərdəkan bələdiyyəsinin vəzifəli şəxsləri – bələdiyyənin vergi müfəttişi və yerli büdcəyə nəzarət və vergi şöbəsinin müdiri ilə əlaqə yaradılıb. Onların vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, bələdiyyə sənədlərində saxtalaşdırma yolu ilə torpaq sahəsinin guya digər şəxsin babasından miras qaldığı barədə yalan məlumatların hazırlanmasına şərait yaradılması planlaşdırılıb.


Bu məqsədlə təqsirləndirilən şəxs və qeyriləri müraciət edərək, torpaq sahəsinə dair sənədin hazırlanması və qeydiyyat işlərinin həyata keçirilməsi üçün 1 200 manat məbləğində pul vəsaiti təklif ediblər.


Vəzifəli şəxslərin razılığını aldıqdan sonra onlar 2022-ci ilin may ayında cinayətkar qrup halında hərəkət edərək torpaq sahəsinə dair sənədlərin saxtalaşdırılması istiqamətində əməliyyatlar həyata keçirməyə cəhd göstəriblər.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirzəməmməd Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbsə alınıb. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib.

 

Kamal Məmmədov 

Tarix: 6 Noyabr 2025, 09:50   
Chosen
44
pravda.az

1Sources