EN

Filippində güclü qasırğa azı 114 nəfərin həyatına son qoyub  

Filippində baş verən “Kalmaegi” qasırğası nəticəsində ölənlərin sayı 114-ə çatıb, 127 nəfər isə hələ də itkindir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Filippin Mülki Müdafiə İdarəsinin sözçüsü Dieqo Marianonun yerli mətbuat orqanı “Inquirer”ə bildirdiyinə görə, ən çox zərər çəkən bölgə olan Mərkəzi Visayasda təbii fəlakət nəticəsində 82 nəfər yaralanıb. O qeyd edib ki, güclü qasırğa evlərin damlarını qoparıb, ağacları və kommunal dirəkləri kökündən çıxarıb və böyük daşqınlara səbəb olub.

Ölkənin hava agentliyinin məlumatına görə, “Kalmaegi” qasırğası cümə axşamı səhər ölkəni tərk edib, lakin Luzon adalarının bəzi yerlərinə və Mindanao bölgəsinə yağışlar davam edir. Sebu əyalətinin bəzi yerləri də daxil olmaqla Mərkəzi Visayas bölgəsində 500 mindən çox insan evsiz qalıb, 1,4 milyondan çox sakin zərər çəkib. Hökumət nümayəndələri bildiriblər ki, güclü daşqınlar və torpaq sürüşmələri ucqar ərazilərdə yolları kəsib, bəzi bələdiyyələrdə isə elektrik enerjisi verilməsi dayandırılıb.

Sentyabrın 30-da Sebuda baş verən 6,9 bal gücündə güclü zəlzələdən sonrakı dağıntılar da əlavə problemlər yaradır. Zəlzələ nəticəsində çoxlu insan həlak olmuş, minlərlə insan evsiz qalmışdı.

Hakimiyyət orqanları bildirib ki, xilasetmə qrupları daşqın suları və torpaq sürüşmələri ilə təcrid olunan ucqar ərazilərə çatmaq üçün çalışır, yardım işləri davam etdirilir.

“Kalmaegi” qasırğasının Vyetnama doğru irəliləməzdən əvvəl Cənubi Çin dənizi üzərində yenidən güclənəcəyi gözlənilir. Hakimiyyət orqanları cümə günü baş verə biləcək yeni tayfuna hazırlaşır.

Chosen
21
1
azerbaijan-news.az

2Sources