EN

Azər Kərimli: “Dövlət Bayrağı millətin varlığının, mövcudluğunun və müstəqil dövlətə sahib çıxmaq bacarığının sübutudur”



“2020-ci ilin noyabr ayının 8-də müqəddəs Üçrəngli Bayrağımız azad olunmuş Şuşada ilk dəfə ucaldıldı. Bu tarixi hadisədən sonra artıq beşinci ildir ki, xalqımız Bayraq gününü xüsusi ruh yüksəkliyi ilə, yalnız qalib bir xalqa xas olan coşqu ilə qeyd edir. Dövlət bayrağımız bizə ötən əsrin əvvəllərində cəmi iki il mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin müqəddəs mirasıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət bayrağı günü kimi qeyd edilir. Bayrağımıza olan ümumxalq ehtiramının daha bir göstəricisi də bu bayramın ölkədə qeyri-iş günü elan edilməsidir.”

Bu sözləri Milli Məclisin deputatı Azər Kərimli 9 Noyabr – Bayraq günü ilə əlaqədar aia.az-a verdiyi açıqlamasında deyib.

Fikirlərini davam etdirən millət vəkili xüsusi olaraq vurğulayıb ki, Azərbaycan xalqını vahid məfkurə ətrafında sıx birləşdirən və milli həmrəyliyə gətirən əsas amillərdən biri məhz Dövlət bayrağımızdır: “Bayraq hər bir dövlətin ən müqəddəs rəmzlərindən biri olmaqla, millətin varlığının, mövcudluğunun sübutudur. Eyni zamanda bayraq xalqın müstəqil dövlətə sahib çıxmaq bacarığının göstəricisidir. Bu gün Azərbaycanda qeyd olunan Dövlət bayrağı gününün tarixi də Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqəlidir. Belə ki, Cümhuriyyətin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci ilin məhz 9 noyabr tarixində Bakıda, hökumətin iclasında qəbul edilmiş və elə həmin iclasın keçirildiyi Nazirlər Şurasının binası üzərində qaldırılmışdır. Biz belə bir tarixi faktı da qətiyyən unutmamalıyıq ki, bu gün başımızın üzərində qürurla dalğalanan və bizim də qürur mənbəyimiz olan müqəddəs bayrağımız yetmiş ildən sonra ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. Sonralar Ulu Öndər özü bu tarixi hadisə barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. Bu gün isə müqəddəs Dövlət Bayrağımız artıq Şuşada və Xankəndidə, Xocalıda və Xocavənddə, Ağdərədə və istisnasız olaraq qalib Azərbaycanımızın hər bir guşəsində qürurla dalğalanır”– deyə, Azər Kərimli fikirlərini tamamlayıb.



Chosen
34
aia.az

1Sources