EN

“Turan ordusu” Azərbaycana toplaşır - yeni güc mərkəzi

Dünya türk dövlətlərinin tarixi birliyinə şahidlik etməkdədir; böyük güc mərkəzinin formalaşması istiqamətində işlər sürətlə gedir

Bu ilin oktyabr ayının 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Tədbirdə ən çox diqqət çəkən məqamlardan biri Prezident İlham Əliyevin TDT-yə üzv ölkələr arasında hərbi, müdafiə və təhlükəsizliyə dair əməkdaşlığını nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda birgə hərbi təlimlər keçirməsini təklif etməsi olub.

“Turan ordusu”nun ilk hərbi təlimləri Azərbaycanda keçirilə bilərmi? Ümumiyyətlə, bu təklifin reallaşması nə dərəcədə mümkündür?

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi təhlilçi Emin Həsənli “Yeni Müsavat”da TDT-nin önəminin gələcəkdə daha çox hiss olunacağını qeyd etdi: “Bu təşkilata üzv ölkələrin bütün sahələr üzrə əməkdaşlığı durmadan artır. O cümlədən hərbi və təhlükəsizlik sahəsində əlaqələrə daha yaxından diqqət ayrılır. Bu da təbiidir. Çünki dünya çox çətin dövrə qədəm qoyub. Terrorla demək olar ki, artıq əksər ölkələr mübarizə aparır. Ayrı-ayrı ölkələrdə hərbi büdcələr hər keçən gün artır, ən müasir silahlar istehsal olunur. Türkdilli xalqların birliyini müasir dünya tələb edir. Bu dövlətlərin ərazilərindən çox önəmli qlobal layihələr keçir. Hesab edirəm ki, bu türk dövlətlərinin birliyi çox önəmli və tarixi hadisədir. Turan ordusunun qurulması istiqamətində işlər çox sürətlə aparılır. Tarixdə türk ordularının necə qələbələr əldə etdiyi məlumdur. Azərbaycan Ordusunun Vətən müharibəmizdəki parlaq qələbəsinin artıq 5 ili gəlir və bu qələbə də türk ordusunun gücünü göstərən amillərdən biridir. Coğrafı baxımdan Azərbaycan Türk dünyasının mərkəzidir. Hesab edirəm ki, bu hərbi əməkdaşlıq gələcəkdə regionda və dünyada sülhün və təhlükəsizliyin qorunmasına çox mühüm töhfələr verəcək, bu ölkələrin vahid ordusuna çevriləcək. Gələcəkdə bir ordu halında hər hansı bir təxribatın qarşısını almaq baxımdan da vacibdir”.

Hərbi icmalçı Səxavət Məmməd TDT-nin hərbi bloka çevrilməsini hazırda real saymır: “Türk Dövlətləri Təşkilatı (TDT) mədəni, iqtisadi, siyasi və hərbi əməkdaşlığı gücləndirmək üçün qurulmuş bir təşkilatdır. Ancaq dünyada baş verən proseslər, regional münaqişələr onu göstərir ki, təşkilatın hərbi güc kimi də ortaya çıxması mümkündür. TDT qarşısında duran əsas məsələ təşkilatın beynəlxalq aləmdə tanınması, gələcəkdə isə təşkilatla hesablaşılmasıdır.

TDT-nin klassik hərbi bloka çevrilmə ehtimalı hazırda real görsənmir. Çünki təşkilat üzvlərindən Qazaxıstan və Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Bu isə onların paralel bir hərbi blokda iştirakını çətinləşdirir. Türkiyə isə NATO üzvüdür. Türkiyənin NATO öhdəlikləri TDT daxilində ayrıca hərbi ittifaq qurmasını məhdudlaşdırır. Bu o deməkdir ki, ortaq təhlükə anlayışı formalaşmayıb. Hətta təmsil olunduqları hərbi bloklar baxımından bu ölkələr rəqib sayılırlar. Yəni TDT eyni xarici təhdidləri paylaşmır. Azərbaycan isə Qoşulmama Hərəkatının (QH) üzvüdür və bu, onun hərbi ittifaqlardan kənarda qalmaq siyasətini əks etdirir. Azərbaycan rəsmi olaraq neytral mövqe tutur, hərbi bloklara (məsələn, NATO, KTMT) qoşulmur. Bu da Azərbaycanın həm Şərq, həm də Qərb ölkələri ilə balanslı siyasət aparmasına imkan verir. Azərbaycanın bu mövqeyi TDT-də hərbi əməkdaşlığa mane olurmu? Qəti şəkildə yox. Azərbaycan TDT-də hərbi ittifaqa deyil, əməkdaşlığa maraqlıdır.

Ona görə də TDT-nin hərbi blok kimi ortaya çıxması real görsənməsə də, təşkilat üzvlərinin hərbi əməkdaşlığı, hərbi təlimlər həyata keçirməsi, sərhədlərin təhlükəsizliyi, sülhməramlı, terrorizmə qarşı mübarizə sahələrində birgə fəaliyyət göstərə bilər. Azərbaycan uzun illərdir ki, Türkiyə ilə hərbi təlimlər həyata keçirir. Bundan əlavə, TDT üzvləri ilə də birgə hərbi təlimlərin həyata keçirilməsi mümkündür. Əslində hərbi təlimlərin keçirilməsi, hərb sahəsində əməkdaşlıq heç bir bloku (KTMT, NATO), heç bir tərəfi narahat edə bilməz. Ona görə də TDT-nin Azərbaycanda hərbi təlimlər keçirməsi realdır.

Bundan əlavə, TDT hərbi blok kimi çıxış etməsə də, üzv ölkələrin hər biri təşkilat üçün bir hərbi hissə yarada bilər. Bu, təhlükəsizlik, çevik müdaxilə, terrorizmə qarşı mübarizədə istifadə oluna bilər. Buna gələcəkdəki hərbi blokun infrastrukturunun qurulması kimi də baxa bilərik. Gələcəkdə KTMT zəifləyib dağılarsa, Türkiyə NATO-dan çıxarsa, o zaman təşkilatın hərbi bloka çevilmə şansı ola bilər. Bu da o anlama gələcək ki, hazırda olmasa da, o zaman təşkilatın rəqibləri də ortaya çıxacaq. Hərbi blok kimi ortaya çıxmaq üçün çəkindirici güc (nüvə silahı) önəmlidir. Hesab edirəm ki, TDT üzvləri də bunun fərqindədir. Ona görə də daha çox iqtisadi və siyasi təşkilat kimi formalaşıb, dünyada tanınmağı və söz sahibi olmağı əsas hədəf kimi götürürlər. Hərbi əməkdaşlığı isə üzv ölkələr arasında təlimlər vasitəsilə möhkəmləndirmək istəyirlər. Bundan əlavə, silah sənayesi sahəsində də TDT üzvləri ciddi addımlar ata bilər. Türkiyə hazırda silah sənayesində fəaliyyətini davam etdirir. Azərbaycan da eyni şəkildə bu sahəyə ciddi yatırımlar edir. Hərbi təlimlər, hərb sahəsində əməkdaşlıq çox önəmlidir. TDT-nin yaxın gələcəkdə hərbi bloka çevrilməsə də, gücə çevrilmək şansı böyükdür".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Chosen
10
1
musavat.com

2Sources