ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda mer seçkilərində demokrat Zöhran Mamdaninin qələbəsinə münasibət bildirib.
Modern.az xəbər verir ki, o, bu nəticəni “ABŞ suverenliyinin qismən itirilməsi” kimi qiymətləndirib.
Tramp bu fikirləri Mayamidə keçirilən biznes forumunda səsləndirib: “Biz 5 noyabr 2024-cü ildə çox mühüm bir iş gördük, xalqımıza hakimiyyəti geri qaytardıq. O gün suverenliyimizi bərpa etdik. Dünən gecə Nyu-Yorkda onun bir hissəsini itirdik, amma bunun öhdəsindən gələcəyik”, - deyə prezident bildirib.
Tramp əlavə edib ki, ABŞ-da kommunizmin “heç bir formada və şəkildə qurulmasına imkan verməyəcək”:
“Mən prezident olduğum müddətdə ABŞ kommunist ölkə olmayacaq. Biz bu dəli ideyaları dayandıracağıq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, 4 noyabrda keçirilən seçkilərdə demokrat-sosialist Zöhran Mamdani Nyu-Yorkun yeni meri seçilib. O, andiçmə mərasiminin gələn ilin 1 yanvarında keçiriləcəyini açıqlayıb və Trampı “dayandıracağına” söz verib.
Hazırda şəhərə Eric Adams rəhbərlik edir. Tramp səsvermə ərəfəsində bəyan etmişdi ki, əgər Mamdani qalib gələrsə, federal hökumət Nyu-Yorka yalnız qanunla müəyyən edilmiş minimum maliyyə ayıracaq. O, Mamdanini “kommunist” adlandırmışdı.