EN

"Çelsi" "Qarabağ"la oyundan sonra bəyanat yaydı - UEFA-nın araşdırmasını tələb edirlər

BAKI, 6 noyabr. TELEQRAF

"Qarabağ" və İngiltərənin "Çelsi" klublarının 19 yaşadək futbolçuları arasında keçirilən UEFA Gənclər Liqası matçı zamanı xoşagəlməz hadisə yaşanıb.

Teleqraf xəbər verir ki, "Azersun Arena"da təşkil olunan görüşün 57-ci dəqiqəsində hesabı açan qonaqların 17 yaşlı hücumçusu Sol Qordon bunu qeyd etmək üçün tribunalar tərəfə gedib, bundan sonra Ağdam təmsilçisinin azarkeşləri ilə onun arasında mübahisə yaranıb.

Tamaşaçılardan biri Qordona meymunu təqlid edən səslər və jestlər edib.

London təmsilçisinin futbolçuları baş hakim Dmitri Kubryaka irqçilikdən şikayət etdikdən sonra oyun bir neçə dəqiqəlik dayandırılıb.

"Biz Azərbaycanda keçirilən UEFA Gənclər Liqası matçı zamanı qol vurduqdan sonra bir neçə oyunçumuzun tamaşaçı tərəfindən irqçi təhqirlərə məruz qaldığı hadisədən xəbərdarıq.

İrqçilik və hər hansı bir ayrı-seçkilik davranışı tamamilə qəbuledilməzdir və futbolda və ya cəmiyyətdə yeri yoxdur. Biz bu hərəkətləri qətiyyətlə pisləyirik. Oyunçularımız klubun tam dəstəyinə malikdirlər və biz hadisəni dərhal matç nümayəndəsinə və ev sahibi komandaya bildirdik. Bu məsələnin UEFA-nın intizam prosedurlarına uyğun olaraq hərtərəfli araşdırılmasını gözləyirik", - deyə "Çelsi"nin bəyanatında bildirilir.

Daha sonra "Qarabağ"ın nümayəndəsi hadisənin "klubun dəyərləri ilə uyğun gəlmədiyini" bildirərək üzr istəyib və hərtərəfli araşdırma aparılacağına söz verib.

Qeyd edək ki, qarşılaşma "Çelsi"nin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Chosen
27
teleqraf.com

1Sources