EN

Cənab Prezident İlham Əliyevdən Nikol Paşinyana ev tapşırığı



Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubiley mərasimində səsləndirdiyi fikirlər, sadəcə aktual siyasətə yox, dövlətçilik tarixindəki strateji davamlılığa işıq saldı. Prezidentin Göyçə toponiminə qətiyyətli vurğusu, mərhum Ulu Öndər Heydər Əliyevin 25 il əvvəl, İran prezidenti Məhəmməd Hatəmi ilə görüşdə Xəzərin adının dəyişdirilməsinə cəhd edən jurnalistə verdiyi unudulmaz cavabı xatırlatdı. Heydər Əliyevin: "Dünya xəritəsində Mazandaran gölü adlı bir göl yoxdur. Onun adı çoxdan Xəzər dənizidir. Xəzər dənizinin adını dəyişmək olmaz!" bəyanatı – dövlətin toponimlərə sahiblənmək iradəsinin təməli idi. Prezident İlham Əliyevin çıxışı da məhz bu sarsılmaz iradənin müasir təcəssümüdür. Dövlət başçısının tarixi toponimlərə olan bu həssaslığı yeni deyil. Məsələn, 2020-ci ildə Tovuzda, daha sonra isə 2021-ci ildə Kəlbəcərə səfəri zamanı rəsmi xəritələrdəki və yol adlarındakı tarixi saxtakarlığa kəskin etirazlar bildirmişdi. O, qədim Azərbaycan şəhərlərinin adının yer almadığı, lakin Urartu kimi müəmmalı adların böyük hərflərlə yazıldığı xəritələrin tarixi həqiqəti əks etdirmədiyini vurğulamışdı. Bu, tarixi yaddaşın muzey səviyyəsindən başlayaraq qorunması tələbi idi. Kəlbəcər səfərində isə o, Basarkeçər rayonunun adının 1969-cu ildə süni şəkildə "Vardenis" adlandırılmasını və tarixi mənbələrdə Urartunun göstərilib, qədim Azərbaycan şəhərlərinin (Bərdə, Naxçıvan) yer almamasına dözümsüzlük nümayiş etdirmişdi. Bununla da cənab Prezident Basarkeçər, Zod və digər kəndlərin qədim Azərbaycan torpaqları olduğunu bəyan edərək, adlara qarşı aparılan genosid siyasətini ifşa etmişdi. AMEA tribunasından isə bu tarixi dəlillərin elmi əsası göstərildi. Prezidentin çar Rusiyasının xəritələrinə istinadı, Azərbaycanın tarixi haqqını təkzibedilməz faktlarla möhkəmləndirdi:
"O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib."

Bu, Ermənistan tərəfindən saxtakarlığın və tarixi mənimsəmənin beynəlxalq səviyyədə sənədli sübutu idi. Prezident İlham Əliyevin bu çıxışı Bayraq Gününün ərəfəsinə və tarixi Zəfərin 5-ci ilinə təsadüf etməklə, Azərbaycanın Qərbi Azərbaycan mövzusunda elan etdiyi hədəflərin əbədi və dəyişməz olduğunu göstərdi. Bu, hansısa razılaşmanın mövcudluğundan asılı olmayan, ümummilli haqq məsələsidir. Paşinyan hakimiyyətinin son vaxtlar türk xalqlarına qarşı nifrəti Rusiya amili ilə əlaqələndirmək cəsarətini Prezident dolayı yolla təqdir etsə də, əsas tələb sözdən işə keçməkdir. Ermənistan rəhbərliyi, sələflərinin (Sovet və Çar Rusiyasının sifarişlərini icra edən) cinayətlərini ortadan qaldırmaq istəyirsə, konkret addımlar atmalıdır: Toponimlərin bərpası (Göyçə gölü niyə "Sevan" olmalıdır? Basarkeçər adının yenidən bərpa edilməsi vacibdir) və tarixin qəbulu həyata keçirilməlidir. Bunun üçün ilk nöpvbədə Paşinyan erməni cəmiyyətinə başa salmalıdır ki, 1828-ci ildən əvvəl bu ərazilərdə azərbaycanlılar mütləq çoxluqda olmuşlar və hətta 1903-cü ilin Çar xəritələrində belə Ermənistanın izi yoxdur. İrəvan da daxil olmaqla, ərazilər onlara güzəşt yolu ilə verilib.
Dövlət başçısının Ermənistana ünvanladığı ən dəyərli və sakitləşdirici ismarış isə azərbaycanlıların qayıdışının fəlsəfəsi idi. O, separatizm xəstəliyinə düçar olmayan, yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verən Azərbaycan xalqının qayıdışının Ermənistanı qorxutmaması lazım olduğunu bildirdi:
"Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq... Bizim qayıdışımız sülh və bərabərhüquqlu yaşam zəminində olmalıdır!"
Ləyaqətli qayıdış sülhün yeganə və əbədi zəmanətidir. Əgər İrəvandakı hökumət gerçəkdən sülh tərəfdarıdırsa, tarixi toponimlərin bərpası ilə müşayiət olunan bu qayıdışa mane olmamalıdır – bu, onların üzərinə düşən ən vacib ev tapşırığıdır.

Kəmalə Zaminqızı,
Gəncə Dövlət Universitetinin II kurs tələbəsi




Chosen
19
aia.az

1Sources