EN

Milli birliyin və gələcəyin rəmzi

Azərbaycanın üçrəngli dövlət bayrağı – azadlığın, birliyin və milli qürurun ən ali simvoludur. Bu bayraq xalqımızın minillik dövlətçilik ənənələrinin, azadlıq mübarizəsinin və müstəqillik arzusunun təcəssümüdür. Bugün o, Azərbaycan Respublikasının hər bir guşəsində qürurla dalğalanır, xalqımızın qəhrəmanlıqla qazandığı torpaqlar üzərində ucalır.

Bayrağımızın rəngləri – mavi, qırmızı və yaşıl – millətimizin kimliyini və dəyərlərini ifadə edir. Mavi rəng türk mənşəyimizi, qırmızı müasirlik və inkişaf yolunu, yaşıl isə İslam mədəniyyətinə bağlılığımızı simvolizə edir. Bu üç rəng birlikdə Azərbaycan xalqının tarixindəki keçmiş, bu gün və gələcəyin harmoniyasını əks etdirir.

Azərbaycan dövlətçiliyinin bərpasında, milli rəmzlərimizin yenidən ucaldılmasında və xalqımızın birliyinin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində üçrəngli bayrağımız dövlət rəmzi kimi qəbul edildi və hər bir vətəndaşın qürur mənbəyinə çevrildi. O, bayrağımıza, dilimizə, tariximizə və milli dəyərlərimizə sahib çıxmağın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu bəyan etdi. Ulu Öndərin sözləri bu gün də hər bir azərbaycanlının qəlbində səslənir: “Azərbaycan bayrağı Azərbaycan dövlətinin, Azərbaycan xalqının, onun müstəqilliyinin rəmzidir. Biz bu bayrağı uca tutmalıyıq”. Heydər Əliyevin yaratdığı möhkəm dövlət təməli nəticəsində bu gün müstəqil Azərbaycan dünyada güclü, suveren və qalib bir ölkə kimi tanınır.

2020-ci ilin 44 günlük Vətən müharibəsi Ulu Öndərin müəyyən etdiyi milli ideyaların gerçəkliyə çevrildiyi tarixi mərhələ oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı azad etdi və Üçrəngli Bayrağımız yenidən Qarabağ səmasında qürurla dalğalandı. Bu, təkcə hərbi qələbə deyil, eyni zamanda tarixi ədalətin, milli ləyaqətin və dövlət suverenliyinin bərpası idi.

Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında və nəhayət, Xankəndidə dalğalanan bayrağımız bütün dünyaya Azərbaycan xalqının yenilməzliyini nümayiş etdirdi. Bu bayraq indi hər qarış torpağımızda əzəmətlə ucalır, şəhidlərimizin ruhuna ehtiramla, xalqımızın qüruru ilə dalğalanır.

Üçrəngli bayraq yalnız dövlət rəmzi deyil, həm də xalqın birliyini, həmrəyliyini ifadə edir. O, hər bir azərbaycanlının qəlbində müqəddəs dəyər kimi yaşayır. Məktəblərdə, dövlət müəssisələrində, sərhədlərimizdə və evlərimizin önündə dalğalanan bayrağımız milli kimliyimizin ayrılmaz hissəsinə çevrilib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ordusu və xalqı eyni məqsəd uğrunda – ölkəmizin güclənməsi və bayrağımızın daim uca tutulması naminə birləşib.

Üçrəngli bayrağımızın hər bir dalğası Vətən sevgisi, azadlıq və şərəf rəmzidir. O, Azərbaycan xalqının keçdiyi çətin, lakin şərəfli yolun, qəhrəman övladlarının qanı ilə yazılmış tarixinin canlı şahididir.

Abil Ağasəfov

YAP Qəbələ rayon təşkilatının sədri

Chosen
31
sia.az

1Sources