EN

Siyasi deformasiya

Mülki avtomobili müharibə atributu kimi görənlərin menyusuna

Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-nın 80 illiyi ilə bağlı keçirilən mərasimdəki çıxışında yer alan bəzi məqamlar erməni cəmiyyətində rezonans doğurub. Dövlət başçımızın xüsusilə azərbaycanlıların tarixi ata-baba torpaqlarına qayıdışı, Sevan deyil, Göyçə gölünə tanklarla deyil, avtomobillərlə gedəcəyimiz barədə dedikləri çeşidli reaksiyalara səbəb olub. Xüsusilə revanşist-daşnak psixologiyasından əl çəkə bilməyən hay “politoloqları”, blogerlər İlham Əliyevin dediklərinin altından ərazi iddiası, yeni müharibəyə hazırlıq, sülh prosesini əngəlləmək kimi saxta tezislər axtarışına başlayıblar.

Onların əsl niyyət və məqsədləri Azərbaycan rəhbərliyinin açıqlamaları bağlı deyil, Ermənistanda hakimiyyət dəyişikliyi kampaniyalarını bu cür işə yaramayan və faydasız siyasi gedişlərlə “gücləndirməkdir”. Digər tərəfdən, hərb və sülh barədə təsəvvürləri deformasiyaya uğramış bu qüvvələr özləri də yaxşı bilirlər ki, soydaşlarımız ərazisində yaşadıqları ölkələrin iqtisadiyyatına, mədəniyyətinə yalnız töhfələr veriblər. Azərbaycanlılar nə həmin dövlətlər, nə də başqa xalqlar üçün problem yaradıblar. Çünki “miatsum” tiryəkinin təsirindən ayıla bilməyən haylardan fərqli olaraq, azərbaycanlılar separatizm, daşnakizm kimi xəstəliklərə tutulmayıblar. Prezidentimizin dediyi kimi: “buna görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq”.

Deməli, “baqramyan 26” instagram sosial şəbəkəsində Ermənistan Baş nazirinin jurnalistin sualına cavabı yerləşdirilib. Sual belə qoyulub: “Ermənistan hakimiyyəti açıq kommunikasiyalara malik sülh bölgəsi proqnozlaşdırdığı və beynəlxalq tərəfdaşları cəlb etməyə çalışdığı bir vaxtda Azərbaycan Prezidenti Vaşinqton razılaşmalarının sülhsevər ruhuna zidd bəyanatlar verir. İlham Əliyevin Sevan gölünə qeyri-erməni adı ilə müraciət edərək azərbaycanlıların qayıdışından danışmasını necə şərh edirsiniz? Bu bəyanatı sülh prosesindən geri çəkilmə hesab etmək olarmı?”.

Baş nazir Nikol Paşinyan kiçik pauzadan sonra sualı cavablandırıb: Sualınız məni çox çətin vəziyyətdə qoyur. Niyə? Çünki indi mən seçim qarşısındayam: sualınıza cavab verməzdən əvvəl vurğulayım ki, Azərbaycan Prezidenti ilə bağlı sitatınız bütün mənzərəni əks etdirmir. Çünki Azərbaycan Prezidenti deyib ki, Rusiya imperiyasının xəritələrinə baxanda Sevan gölü yox, başqa adı olan göl var. Əgər mən belə etsəydim və belə desəm, onda sizin sualınıza cavab vermək əvəzinə, ilk növbədə Azərbaycan Prezidentinin dediklərinə aydınlıq gətirməliyəm.

Amma mən artıq bu suala cavab vermişəm. Çar Rusiyasının xəritələrinə baxacağıqsa... İndi gəlin o xəritələrə baxaq... Bu barədə əvvəllər danışanda Kirovakan və Kirovabadın adını çəkmişəm, amma Yelizavetpol və Aleksandropolun adını çəkməmişəm... Yəni seçim etmək lazımdır”.

Görünən odur ki, Paşinyan daxili auditoriyaya hesablanmış cavab variantını ortaya qoyur. Onun məntiqindən belə çxıır ki, guya, Ermənistanın da Azərbaycanda iddia edə biləcəyi ərazilər, kəndlər, əhərlər var.

Daha sonra cavabını tarixi yöndən sanbala salmaq, daha da “möhkəmləndirmək” üçün nə vaxtsa haradasa Ermənistan və Azərbaycan nümayəndələri arasında baş vermiş qəribə bir insidenti xatırladıb: “Müzakirələr zamanı tərəflərdən biri öz siyasi mövqeyini əsaslandırmaq üçün deyib: “Siz bilirdinizmi ki, bizim dildə “zəng” (zəng) nə deməkdir? Qarşı tərəf cavab verib: “Bəs siz bilirdinizmi ki, bizim dildə “zənq” həm də “zəng” (zəng) deməkdir? Və sonra məlum oldu ki, “Zəng” fars dilində “zəng vurmaq” deməkdir. Bəs indi tarixi həqiqət kimə məxsusdur? Təsəvvür edirsinizmi, yunanlar Makedoniyalı İskəndəri xatırlamağa başlayacaqlarmı? Bəs İtaliyalı tərəfdaşlarımız olan Roma haqqında nə demək olar? Axırımız hara olacaq?”.

İki gün əvvəl İrəvanda keçirilən beynəlxalq forumda olduğu kimi, Paşinyan bu dəfə də reallığı danmaq, faktları təhrif etmək, daxili və xarici auditoriyanın gözündə özünün “qətiyyətli siyasi lider” obrazını nümayiş etdirmək yolunu tutub. Doğrudur, o, jurnalistin növbıti sualını gözləmədən mövqeiyini yumşaltmağa çalışıb: “Yenə deyirəm, biz tarixi oxuyuruq, amma artıq yeni tarix yaratmışıq. Son iki il də yeni tarixdir və mən inanıram ki, biz bu tarixi yaratmağa davam etməliyik. Keçmişi gələcəkdən ayırmağı bacarmalıyıq və gələcək artıq buradadır. Artıq iki ildir ki, gələcəkdə yaşayırıq və seçim etməliyik. Gələcəkdə yaşamağa davam edəcəyik: bu bizim strategiyamızdır...”.

Bəli, Azərbaycan Prezidenti bizim Göyçə gölünə zirehli texnikanın, tankların üstündə deyil, mülki minik avtomobillərinin salonunda gedəcəyimiz günlərin uzaqda olmadığını deyərkən XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmağı da tövsiyə edib: “Hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir”.

Bu dəmir arqumentin qarşısında Ermənistanın Baş naziri kimi, onun daxili və xarici rəqiblərinin də deməyə sözlər ola biməz.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

Azərbaycan Prezidenti bütün çıxış və müracitlərində yalnız elmi əsasları olan arqumentlərə, faktlara söykənir. Təbii ki, bu reallıq Erməniatandakı müəyyən dairələr tərəfindən qıcıqla qarşılanır. Əslində, Nikol Paşinyan suala cavabında haqlıdır. Dövlətimizin başçısı Çar Rusiyası dövrünə aid xəritələrə istinad edərək bildirdi ki, o zaman ruslar tarixi adları dəyişərək Azərbaycan toponimikasına ciddi zərbə vurdular. Reallıq məhz bundan ibarətdir. Amma Paşinyana həmin sualı verən erməni jurnalist baxsın və görsün ki, Qərbi Zəngəzurdakı şəhərlərin adları hansı dilə tərcümə olunub? Fransız, ingilis, yoxsa erməni dilinə? Ağdamın, Kəlbəcərin, Laçının adlarını dəyişməklə təxribat törədən haylar bunların təsadüf olmadığını da yaxşı bilirlər.

Aydın məsələdir ki, Ermənistandakı radikal-revanşist qüvvələr hələ də suyu bulandırmağa cəhd göstərirlər. İki ölkə arasında münasibətlərin normallaşmasını, sülh prosesinin sona yaxınlaşdığını görən bu qüvvələr məhz ideoloji təxribatlar barədə düşünürlər. Mən şübhə etmirəm ki, sülh üçün belə həlledici mərhələdə onlar başqa xarakterli təxribatlara da baş vuracaqlar. Küçə yürüşlərinin, mitinqlərin, hakimiyyətə qarşı etiraz çıxışlarının da şahidi olacağıq. Məqsədləri isə aydındır – hakimiyyəti ələ keçirmək.

Əgər Nikol Paşinyan reallığı düzgün təhlil edirsə yəqin başa düşür ki, sülhə gəlməkdən başqa yolu yoxdur və gec-tez Azərbaycanla münasibətləri bərpa etməli olacaq. Bizim bu yolda atacağımız addımlar qarşılıqlı xarakter daşıyacaq. Son nəticə isə həmin təxribatçılara dərs olmalıdır.

Tofiq ABBASOV,
siyasi icmalçı

Görünən odur ki, tərəfləri hər birinin özünün məlumat bazası var. Azərbaycfanın bazası möhkəm və tarixdə təsdiqini tapmış əsaslı bazadır. Amma ermənilərin belə bazası yoxdur. Onlar efemer, yüngülçəkili və elmi cəhətdən tez dağıla bilən bazaya malikdirlər. Biz ermniləri Qarabağdan qovmamışıq. Fikir verin, Azərbaycan Prezidentinin Elmlər Akademiyasındakı çıxışından dərhal sonra Nikol Pşinyan dedi ki, ermənilərin Qarabağa qayıdışının əleyhinəyik, çünki bu, vəziyyəti gərginləşdirə, müəyyən problemlər yarada bilər. Bu, qabaqdangəlmişklik jestinə bənzəyir. Bəli, Prezident bir daha xatırlatdı ki, Azərbaycanlılar o torpaqlarda yaşayıb və biz ora mütləq qayıtmalıyıq, amma Ermənistanın ərazi bütövlüyünə heç bir iddiamız yoxdur. Yəni, sizdən fərqli olaraq, ərazi istəmirik. Sadəcə, yurdlarından zorla çıxarılanlar Ermənistan həyatına inteqrasiya olmaq, oranın vətəndaşlıqlarını bərpa etmək istəyirlər. Dərinə getsək, hayların əvvəlki iki prezidenti – Robert Koçaryan və Serj Sarkisyan da Azərbaycan vətəndaşlarıdır. Separatçılıq və quldurluqla hakimiyyəti ələ keçirmişdilər.

Azərbaycan hazırda dünya birliyinə göstərməyə çalışır ki, biz sülhün tərəfdarıyıq. Əlbəttə ki, hər iki milləti sülh şəraitində yaşamağa hazırlamaq lazımdır. Bakı bunu edir, amma Ermənistandakı revanşistlər buna imkan vermək istəmirlər. Təəssüf ki, Paşinyan da hərdən onların arqumentləri ilə danışır. Eyni zamanda, İrəvana kənardan təzyiqlərin edildiyini də görürük. Heç nəyə nail ola biməyəcəklər. Çünki bütün sağlam qüvvələr Azərbaycanın tərəfindədirlər. Bəli, hazırda Azərbaycan tarixinin işiıqlı, Ermənistan isə dumanlı və qaranlıq səhəfisini yaşayır. Belə güman edirəm ki, Nikol Paşinyan düzgün variantı seçəcək

İmran BƏDİRXANLI
XQ

Chosen
15
xalqqazeti.az

1Sources