EN

Pakistanın Prezidenti vəzifəsini icra edən Seyid Yusif Rza Gilani Zəfər Günü tədbirində iştirak edib

İslamabad, Hilal Əhməd, 5 noyabr, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfirliyi İslamabadda Zəfər Gününə həsr olunmuş rəsmi qəbul təşkil edib.

Pakistandakı səfirimiz Xəzər Fərhadovun ev sahibliyi etdiyi tədbirdə federal nazirlər və parlament üzvləri, diplomatik korpusun nümayəndələri, İslamabadda akkreditə olunmuş xarici səfirlər, jurnalistlər və Pakistanda yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Pakistanın Dövlət himnləri səsləndirilib. Daha sonra Azərbaycanən azad edilmiş əraziləri haqqında sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Pakistanın Prezidenti vəzifəsini icra edən Seyid Yusif Rza Gilani bu əlamətdar gün münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib. O, Pakistan və Azərbaycan arasındakı münasibətlərin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. Vurğulayıb ki, Azərbaycan və Pakistan xalqları onları bir-birinə sıx bağlayan ortaq tarixi, mədəni və dini yaxınlıqlara malikdirlər.

Pakistan-Azərbaycan əlaqələrinin hörmət, ədalət və bərabərlik prinsiplərinə əsaslanan tarixi və davamlı münasibətlər olduğunu deyən Seyid Yusif Rza Gilani Azərbaycan rəhbərliyindən və xalqından böyük səmimiyyət və məhəbbət gördüyünü bildirib, Bakını “evdən uzaqda bir ev” kimi təsvir edib. O, Prezident İlham Əliyevi və Milli Məclisin spikeri Sahibə Qafarovanı Pakistanın etibarlı dostları və tərəfdaşları kimi yüksək qiymətləndirib və onlara minnətdarlığını ifadə edib.

Tədbirdə səfir Xəzər Fərhadov 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının işğal altında olan torpaqlarını, xüsusilə Şuşanı azad etmək uğrunda göstərdiyi dözüm və qətiyyətindən danışıb. O, Şuşanın Azərbaycanın cəsarətinin və azadlıq uğrunda sarsılmaz iradəsinin simvolu olduğunu vurğulayıb. Səfir, həmçinin münaqişə dövründə Pakistan hökuməti və xalqı tərəfindən nümayiş etdirilən qardaşlıq və həmrəyliyi yüksək qiymətləndirib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinə dərin ehtiramını bildirib.

Chosen
111
1
azertag.az

2Sources