EN

İki azərbaycanlını döyən bir qrup gürcü: Şovinizm yoxsa, adi bir cinayət hadisəsi? – FOTO

Yəqin artıq bir çoxunuz bilirsiniz ki, noyabrın 2-də Tiflisdəki supermarketlərdən birində çalışan azərbaycanlı gənclər döyülüb.

Dmanisi bölgəsindən olan 2006-cı il təvəllüdlü və Qaraçöp bölgəsindən olan 2004-cü il təvəllüdlü bu gənclər bir qrup gürcü tərəfindən zorakılığa məruz qalıb. Hadisə isə belə baş verib. Gecə saatlarında marketə gələn Manana Giorqobiani adlı gürcü qadın həmin gəncləri – işçiləri təhqir edib. Bundan sonra ürəyi soyumayıb tanışını – 1996-cı il təvəllüdlü gürcünü zəng edərək marketə çağırıb. Həmin şəxs əlavə bir neçə nəfərlə hadisə yerinə gəlib və supermarketin azərbaycanlı əməkdaşlarını küçəyə çıxarıblar. Onları təhqir edərək , qrup şəkilində döyərək fiziki zorakılığa məruz qoyublar. Verilən məlumatlarda deyilir ki, azərbaycanlıların hər ikisi ağır xəsarətlər alıb. 2006-cı təvəllüdlü gəncə kəllə-beyin travması diaqnozu qoyulub və ona bir aylıq yataq rejimi tövsiyə edilib.

Hadisədən sonra Gürcüstanın Daxili İşlər Nazirliyi hərəkətə keçib və Tiflisdə qrup halında zorakılığın təşkili və iştirakında ittiham olunan Manana Giorqobiani saxlanılıb. DİN həm də məlumat yayıb ki, cinayət əməlinin altı iştirakçını müəyyən ediblər.

Cinayətdə əli olan digər şəxslərin yerlərinin müəyyən olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq istintaq tədbirləri davam etdirilir. Törədilmiş cinayət əməlinə görə 9 ilədək həbs cəzası nəzərdə tutulur.

Əlbəttə, Gürcüstanda bu hadisə ilk dəfə baş versəydi, belə geniş təfərrüatla bu yazıya start verməzdik. Amma bu ilk deyil və gürcülər millətçilik , eqoizm sarıdan heç də ermənilərdən geri qalmadığını bildiyimiz üçün son da olmayacağını da düşünürük.
Əgər bəziləriniz məni də “millətçilik”də günahlandırmaq fikrindəsinizsə, o zaman məqalənin davamını diqqət edin.

Tanıdığımız və tanımadığımız gürcülər

Uzaq keçmiş deyil, xatırlayaq: 12 iyun Tovuz döyüşləri zamanıydı. Həmin vaxt Gürcüstanda soydaşlarımıza qarşı baş verən davamlı insidentlər də bir yandan bizi bərk narahat edirdi. Təsəvvür edin, 2020-ci ilin əvvəl günündən iyununa qədər 5 dəfə gürcülər azərbaycanlılara hücum etmiş, dini zəmində qarşıdurma yaratmışdılar.

Bu qarşıdurmalar nəticəsində kifayət qədər soydaşımız xəsarət aldı, cərimələndi.

1. Gürcüstanda azərbaycanlılar və gürcülər arasında kütləvi dava:
(14-01-2020)
2. Azərbaycanlı və gürcü gənclər arasında kütləvi dava olub, xəsarət alanlar var
12 mar 2020
3. Azərbaycanlılar kütləvi etiraz aksiyası keçirdilər
04-20 – 2020
4. Azərbaycanlılar yaşayan ərazidə İNSİDENT
01 may, 2020
5. Və iyunun 1-dəki qrup şəklində olan dava olayı…

O arada Tovuz hadisələri başladı və Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze Tiflisdə keçirdiyi brifinqdə dedi ki, gürcülər və ermənilər qardaş xalqlardır və hər zaman bir-birlərini dəstəkləyiblər:” Biz qardaş xalqlarıq, hər zaman bir-birimizi dəstəkləyirik və Ermənistan Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi ilə yaxşı münasibətlərimiz var. Əgər Ermənistan hər hansı bir köməyə ehtiyac duyursa, biz səlahiyyətimizə əsaslanaraq kömək etməyə hazırıq.

Gürcüstanın həmişə Ermənistana yardım əli uzatdığını və bu ölkənin yanında olduğunu bildirib.Əminəm ki, Gürcüstan hökuməti və Səhiyyə Nazirliyi bundan imtina etməyəcək, əksinə, hər cür səy göstərəcəklər.
Bildiyiniz kimi, gürcülər Spitak zəlzələsi zamanı digər millətlər arasında Spitaka ilk gəlmişdilər”.

Gürcüstanın və gürcülərin zəif gördükləri Azərbaycandan torpaq iddiaları

2008-ci ildə İşğala məruz qalan Gürcüstandan fərqli olaraq, Azərbaycan həmişə bu ölkənin ərazi bütövlüyünə dəstəyini ifadə edib.

Amma hər zaman Qarabağ münaqişəsinə “ümumi” yanaşma sərgiləyən Gürcüstan bəzi hallarda özü Azərbaycana qarşı ərazi iddialarını dilə gətirib. Bu azmış kimi, Ermənistana silah-sursat sata biləcəyini ən yüksək səviyyələrdə bildirib. Bu baxımdan, tez-tez Tiflisdən ermənilərə qardaşlıq mesajı verilməsi anlaşılandır.

Yəqin ki, 2018-ci ilini də unutmadınız, erməni terrorçu, Azərbaycan xalqının qanına əli batmış Mixeil Avayana Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində büst qoyuldu.Bu erməni silahlısı həm də Abxaziyada Gürcüstanın ərazi bütövlüyünə qarşı vuruşub. Bu tədbirin yanvarın 20-də keçirilməsi Azərbaycana və dünyadakı azərbaycanlılara qarşı atılan mənəvi-psixoloji təxribat sayıla bilər. Sözün həqiqi mənasında saymazlıq…

Bundan başqa – 2019-cu ilin iyun ayı “Keşikçidağ” sərhəd zastavasının xidməti ərazisində baş verən olaylar məhz Gürcüstanın Azərbaycana qarşı aqressiya və nifrətinin bariz nümunəsi hesab oluna bilər. Əsgərlərimizə hücum, abidəmizi mənimsəmə hərəkatı… Azərbaycana qarşı təxribatçı davranışı və bəyanatı ilə yadda qalan Gürcüstanın prezidenti Salome Zurabişvili hələ ölkəsinin xarici işlər naziri vəzifəsində çalışarkəndə ölkəmizin ünvanına xoşagəlməz çıxışları ilə sələflərindən secilirdi.

“Keşikçidağ” qarşıdurmasında isə Salome göstərdi ki, bu qarşıdurmanın arxasındakı elə onun özüdür. Amma bu insidentdən 2-3 ay əvvəl- martın 8-də Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki Adıgeni kəndi gürcülərin hücumuna məruz qalmışdı.

Belə ki, kənddə dini məktəbin fəaliyyət göstərdiyi və yerli müsəlman əhalinin cümə günləri namaz qıldığı Tsereteli 18 ünvanında yerləşən yaşayış binasının yaxınlığında qarşıdurma, daha dəqiq, əlbəyaxa dava baş verdi. Zarzma məbədinin keşişi Nikoloz Getsadze pravoslav ruhaniləri və bir qrup yerli sakinlər ilə birlikdə binanın həyətinə gələrək müsəlmanlardan binanı tərk etmələrini tələb etdilər. Hadisə yerinə xeyli sayda polis əməkdaşı cəlb olunsa da, ancaq tamaşaçı qismində oldu. Bəzən yeri gəldi , gəlmədi gürcü polislərdə azərbaycanlıları günahsız yerə döyüb . Məsələn 2019-cu ildə milliyətcə gürcü olan polis əməkdaşları Marneuli rayonu Təkəli kənd sakinləri, azərbaycanlı gənclər Elçin Aslanov Namaz Namazov və Musa Namazovu döyüb və milli kimliyini təhqir edərək ona “tatrebi” (“eşşək tatar”) deyiblər. Buna baxmayaraq , Marneuli Məhkəməsinin qərarı ilə Gürcüstan Cinayət Məcəlləsinin polisə müqavimət maddəsi ilə gənclərin barələrində 2 aylıq həbs qətimkan tədbiri seçildi.

Yəqin həmin dövrlərdə gürcülər artıq Keçikçidağ monastrına hücumu planlaşdırmışdılar.

2023-cü ildə Fransanın Gürcüstan ərazisindən Ermənistana silah daşınması xəbərini yadınıza salın. Bu qarşıdurma nəyin məntiqi nəticəsidir -soruşursunuzsa, Azərbaycan əleyhinə yaradılan hərbi blokun (Fransa, İran, Hindistan, Yunanıstan,Kipr) Ermənistana silah-sursatla təmin etməsinin və Ermənistanın müasir silahlarla tezliklə hücuma keçəcəyinin guya bu hücumla Azərbaycanı məğlub edəcəyi xəbərlərinin sürətlə yayılmasından qaynaqlanırdı. Gürcüstan heç vaxt dili, dini ayrı olan bir qonşu dövlətin özündən daha da qüdrətli olmasını istəməzlər. Odur ki, bu silahlanmış və 5 ölkənin müdafiə dəstəyini almış Ermənistana həmrəylik gedişi idi. Əlbəttə, heç birini unutmadıq.

Azərbaycanın Gürcüstana etdiyi “pislik”lər

Qaz- 2025-ci ilin ilk səkkiz ayında Gürcüstana nəql edilmiş təbii qazın həcmi 1 milyard 551.5 milyon kub-metr həcmində təbii qaz satılıb. İxrac edilmiş təbii qazın dəyəri $169. 5 milyon təşkil edib.
Öncəki ildə təbii qaz ixracının həcmi Dövlət Statistik Komitəsinə görə 629.1 milyon kub metrin altında idi və dəyər cəmi $107.2 mln. təşkil etmişdi.

Neft – Gürcüstan cari ilin yanvar-sentyabr ayları ərzində 972 milyon dollar dəyərində 1,3 milyon ton neft məhsulu idxal edib. Bunun 95,2 min tonunu (66 milyon dollar) Azərbaycandan alıb.

Elektrik enerjisi – 2025-ci ilin ilk doqquz ayında Azərbaycandan idxal edilən elektrik enerjisinin həcmi 372,76 milyon kilovatt-saat təşkil edib. Əvvəlki dövrlə müqayisə: Bu rəqəm əvvəlki dövrlərlə müqayisədə idxalın xeyli (6 dəfədən çox) artdığını göstərir.

Humanitar Yardım –Gürcüstan nə vaxt çətinliklə qarşılaşıbsa, Azərbaycan Respublikası onun yanında olub: Ötən aylarda sentyabrın 27-də Gürcüstanda Qabal çayının daşması nəticəsində zərər çəkən Laqodexi rayonunun bir sıra kəndlərinə- təxminən 120 ailəyə humanitar yardım göndərib.

Hələ 2020-ci ildə Azərbaycan Gürcüstana 100 ton maye tibbi oksigen hədiyyə etdi. Bundan əvvəl isə Azərbaycan Səfirliyi “Azərbaycanlı İş adamları Birliyi”nin maliyyə dəstəyi ilə Marneuli və Bolnisiyə 600 bağlama humanitar yardım etmişdi. Ustəlik Azərbaycan şirkəti olan “AS Georgia” Gürcüstanda 250 ailəyə sosial yardım etdi. Koronavirusla bağlı yardımlar isə intensiz şəkildə dost dediyimiz və dost bildiyimiz bu ölkəyə dəfələrlə verilib. Siyahını uzatmaq mümkündür.

Yadımdaykən bunu da qeyd edim: İyun 2015-ci il zəlzələsində və ondan əvvəl baş verən bütün təbii hadisələr zamanı Azərbaycan öz səxavətini layiqincə göstərib.

Son olaraq: Manana Giorqobiani və onun millətçi-təcavüzkar qrupunun hərəkətləri sıradan bir cinayət olayı deyil. Bu millətçilik toxumunun Gürcüstanda yetişməsidir ki, əziyyətini ən çox azərbaycanlılar çəkəcək.

Gürcüstanda yaşayan soydaşlarımıza sahib çıxmalıyıq…Onlara qarşı dövlət səviyyəsində hücumlar, hədələr, bezdirici hərəkətlər həmişə olub. Uzun illərdi …

Əntiqə Rəşid

Chosen
56
nocomment.az

1Sources