EN

Bakıda Azərbaycan–Özbəkistan II Gənclər Forumu keçirilir

Noyabrın 6-da Bakıda Azərbaycan–Özbəkistan II Gənclər Forumu işə başlayıb. Tədbir hər iki ölkənin gənclər təşkilatları, dövlət qurumlarının nümayəndələri, ictimai xadimlər və media təmsilçilərinin iştirakı ilə keçirilir. SİA xəbər verir ki, Forumun açılış mərasimində əvvəlcə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycan və Özbəkistan Dövlət himnləri səsləndirilib.

Tədbir çərçivəsində iki qardaş ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrini əks etdirən videoçarx nümayiş etdirilib.

Qeyd edilib ki, tərəflər 2024-cü ildə “Türk dünyasının gənclər paytaxtı Lənkəran”nda keçirilən görüşdə əldə olunan razılaşmaların davamı olaraq bu forum vasitəsilə əməkdaşlığı daha da genişləndirməyi qarşıya məqsəd qoyublar.

Forumun əsas məqsədi Azərbaycan və Özbəkistan gəncləri arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və gələcək perspektivlərin birgə müzakirəsidir.

Tədbirin Zəfər Günü ərəfəsində Bakıda keçirilməsi isə qardaşlıq, həmrəylik və ortaq dəyərlərin təntənəsi kimi dəyərləndirilib.

Chosen
41
1
sia.az

2Sources