EN

“Regionun inkişafı Azərbaycandan başlayır” – R. Məmmədova – ÖZƏL

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan "Orbeli Forumu"nda çıxışı zamanı Ermənistan, Azərbaycan və Gürcüstanın müxtəlif platformalarda əməkdaşlıq potensialını vurğulayıb.
Nazir bildirib ki, Cənubi Qafqazın üç ölkəsinin xarici işlər nazirlərinin müavinləri səviyyəsində artıq görüş baş tutub. Mirzoyan qeyd edib ki, üç ölkənin ideya və maraqlarının üst-üstə düşə biləcəyi məsələlər mövcuddur. O, həmçinin tarixi əlaqələrə toxunaraq, üç ölkənin talelərinin bir-biri ilə bağlı olduğunu xatırladıb.

"Cənubi Qafqazda üç potensial ölkə var və bu üç ölkə bir-biri ilə daima əməkdaşlıq etməlidir. Lakin Azərbaycan Cənubi Qafqazın ən öndə gedən, güclü dövləti hesab olunur, həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan. Yeraltı sərvətləri - neft və qaz, həmçinin kənd təsərrüfatı və digər sahələr, logistika imkanları baxımından da Azərbaycan bu gün regionda əsas rol oynayır. Buna görə də Cənubi Qafqazın inkişafı ən əvvəl Azərbaycandan başlayır və sonra digər ölkələri əhatə edir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, bu üç dövlətin birlikdə olması logistika, iqtisadi və siyasi baxımdan böyük əhəmiyyət daşıyır; onlar birlikdə daha səmərəli layihələr həyata keçirə və qarşılıqlı fayda təmin edə bilərlər. Regionda dövlətlər arasında sıx və yaxın münasibətlərin olması, düşmənçilik və müharibə vəziyyətinin yoxluğu Qafqazın inkişafına və sabitliyinə yol açacaq. Bu məqam Mirzoyanın da çıxışında vurğulanırdı. Ermənistanda son illərdə belə bir anlayışın formalaşdığını görürük; məsələn, Paşinyanın çıxışlarında Ermənistanın regionun inkişafına töhfə vermək istədiyi açıq görünür. Təbii ki, burada Gürcüstan da daxil edilməlidir.

"Bəzi formatlar (məsələn, 3+3) gözlənildiyi kimi işləmir. Gürcüstanın bu formatda kənarda qalması müəyyən çətinliklər yaradır. Bu səbəbdən 5+2 formatı - ABŞ, Avropa, Azərbaycan, Gürcüstan, Ermənistan anlaşması - daha aktualdır və uğurla inkişaf edə bilər. Sonra isə Türkiyə-İran amili də var. Cənub qonşuları olan bu iki ölkə ilə logistika, müqavilə və layihələr üzrə danışıqlar aparılır. Bu kontekstdə Rusiya müəyyən qədər kənarda qalır. Avropa İttifaqı və ABŞ da regionun əhəmiyyətini anlayaraq müxtəlif formatlarda rol oynayırlar (məsələn, 5+2 və 3+2)," - deyə ekspert əlavə edib. 

Siyasi şərhçinin fikrincə, Cənubi Qafqaz dövlətlərinin yaxın əməkdaşlığı onların iqtisadi və siyasi gücünü artıracaq, logistika yolları Avropaya və Çinə qədər uzanaraq regionun inkişafına böyük təkan verəcək. Neft-qaz, kənd təsərrüfatı və digər resurslardan düzgün istifadə etməklə bu ölkələr hər tərəfli inkişaf əldə edə və regional sabitliyi təmin edə bilərlər.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
40
olaylar.az

1Sources