EN

Vergi ödəyicisinin üfüqi monitorinqə cəlb edilməsi qaydası müəyyənləşir

Vergi ödəyicisinin elektron formatda saxlanılan maliyyə (mühasibat) məlumatlarına xüsusi proqram təminatı vasitəsilə birbaşa və ya məsafədən çıxış imkanı yaradılmaqla aparılan vergi yoxlaması olan elektron audit anlayışı qanunvericilikdən çıxarılır, üfüqi monitorinq aparılacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, üfüqi monitorinq Vergi Məcəlləsi və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar üzrə həyata keçiriləcək. Üfüqi monitorinqin predmeti vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarətdən ibarətdir. Transfer qiymətlərinin tətbiqi və xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və xaricdən əldə olunan gəlirlər üzrə müvafiq məlumatların araşdırılması digər vergi nəzarəti tədbirləri ilə aparılır və üfüqi monitorinqlə əhatə edilməyəcək.

Üfüqi monitorinqin əhatə etdiyi dövr təqvim ili hesab olunur və başladığı tarixdən əvvəlki bir təqvim ilini əhatə edir. Üfüqi monitorinq 6 aydan gec olmayaraq başa çatmalıdır. Əlavə araşdırma tələb edildiyi halda üfüqi monitorinqin keçirilməsi müddəti vergi orqanının qərarına əsasən iki aya qədər uzadıla bilər.

Barəsində riskli vergi ödəyicisi olmasına dair qərar qüvvədə olduqda, habelə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda vergi ödəyicisi üfüqi monitorinqə qəbul edilə bilməz. Bu nəzərə alınmaqla üfüqi monitorinqə qəbul edilmək üçün ərizənin verildiyi tarixə aşağıdakı bütün şərtlərə cavab verən vergi ödəyiciləri üfüqi monitorinqə qəbul edilə bilərlər:

- vergi ödəyicisi orta və iri sahibkarlıq subyektidirsə;

- vergi ödəyicisi mühasibat və vergi uçotunu mühasibat və (və ya) vergi

uçotunun avtomatlaşdırılması üçün nəzərdə tutulmuş proqram təminatından istifadə etməklə aparırsa;

- vergi ödəyicisi daxili nəzarət sistemini tətbiq edirsə.

Üfüqi monitorinqə qəbul edilmək üçün müraciət edən vergi ödəyicisi üfüqi

monitorinqin aparılacağı dövrdən əvvəlki ilin sentyabr ayının 1-dən gec olmayaraq

forması və doldurulma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi

orqan (qurum) tərəfindən təsdiq edilən ərizə və aşağıdakı sənədlərlə (məlumatlarla) birlikdə vergi orqanına müraciət edəcək:

- Təsdiq edilmiş inzibati reqlamentə uyğun olaraq vergilərin hesablanması və ödənilməsi ilə bağlı sənədlər və məlumatlar;

- qurulmuş daxili nəzarət sistemi, mümkün vergi riskləri və həmin risklərə nəzarət proseduru barədə sənədlər.

Üfüqi monitorinqə qəbul edilmə barədə ərizənin və ona əlavə edilmiş sənədlərin şərtlərə uyğunluğuna vergi orqanı tərəfindən 2 ay müddətində baxılır və baxılmanın nəticəsi üzrə vergi ödəyicisinin üfüqi monitorinqə qəbul edilməsi və ya üfüqi monitorinqə qəbul edilməsindən imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edilir. Vergi ödəyicisinin üfüqi monitorinqə qəbul edilməsi barədə qərar bir dəfə qəbul edilir və növbəti illər ərzində də qüvvədə qalır (vergi ödəyicisi üfüqi monitorinqdən çıxarılmadığı halda). Üfüqi monitorinqə qəbul edilməsi barədə qərar çıxarılmış vergi ödəyicisi Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdə mənfəət və gəlir vergisi bəyannaməsinin verilməsinin son tarixindən (hesabatın təqdim edilməsi müddətinin uzadılması nəzərə alınmaqla) 30 gün ərzində monitorinqin aparılması üçün tələb olunan sənədləri və məlumatları vergi orqanına təqdim edəcək. Bu maddədə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra növbəti gün vergi orqanı tərəfindən üfüqi monitorinqin başlanması barədə qərar qəbul ediləcək.

Nəzərdə tutulmuş sənədlər və məlumatlar həmin maddədə müəyyən edilmiş müddətdə təqdim edilmədikdə və ya təqdim edilmiş sənədlərdə və məlumatlarda çatışmazlıqlar olduqda, vergi orqanı həmin sənədlərin və məlumatların, onlar vergi ödəyicisində olmadıqda isə bu barədə izahatın təqdim edilməsi üçün vergi ödəyicisinə 5 iş günü ərzində elektron qaydada sorğu göndərir. Sorğu göndərildikdən sonra 15 gün ərzində tələb edilən sənədlər və məlumatlar vergi orqanına təqdim edilməlidir. Üfüqi monitorinqin başlama tarixindən 15 gün ərzində vergi ödəyicisi dəqiqləşdirilmiş vergi bəyannamələrini təqdim edə bilər.

Üfüqi monitorinqə qəbul edilən vergi ödəyicisinin aşağıdakı vəzifələri var:

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi inzibati reqlamentə uyğun olaraq vergilərin hesablanması və ödənilməsi

ilə bağlı sənədləri və məlumatları bu məqsədlə yaratdığı məlumat mübadiləsi platformasında yerləşdirmək və vergi orqanının həmin platformaya çıxışını təmin etmək;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)

təsdiq etdiyi qaydalara uyğun daxili nəzarət sistemini qurmaq və mümkün vergi riskləri

barədə məlumatı və həmin risklərə nəzarət prosedurunu vergi orqanına təqdim etmək.

- Üfüqi monitorinqin nəticələrinin rəsmiləşdirilməsi, üfüqi monitorinq zamanı vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, nümunə kimi əşyaların götürülməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və inventarizasiya aparılması müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Üfüqi monitorinqin keçirilməsi aşağıdakı hallarda dayandırılacaq və vergi ödəyicisi üfüqi monitorinqdən çıxarılacaq:

- vergi ödəyicisi tərəfindən üfüqi monitorinqdə iştirakın dayandırılması barədə ərizə təqdim edildikdə (bu halda vergi ödəyicisi 3 iş günü ərzində üfüqi

monitorinqdən çıxarılır);

- sənədlərin və məlumatların təqdim edilməsinə dair vergi orqanının tələbləri ardıcıl iki dəfə pozulduqda;

- növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar çıxarıldıqda;

- vergi ödəyicisi mümkün vergi riskləri barədə məlumatı açıqlamamışdırsa vergi

ödəyicisində üfüqi monitorinqlə əhatə olunan dövr üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar çıxarıldıqda və ya üfüqi monitorinqlə əhatə olunmayan dövr üzrə keçirilən səyyar vergi yoxlaması zamanı bu Məcəllənin 36.3-1.2-ci maddəsində göstərilən hal (keçirilən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdən sonrakı dövrdə vergidən yayınma hallarının olması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda) üzrə yoxlamanın əhatə etdiyi dövr artırıldıqda (üfüqi monitorinqlə əhatə olunan dövr daxil olmaqla);

- vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edildikdə, habelə vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda.

Üfüqi monitorinq başa çatdıqdan sonra onun nəticələri üzrə vergi orqanının rəhbəri (onun müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxaracaq:

- vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;

- vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması.

Vergi ödəyicisi üfüqi monitorinqlə aşkar olunmuş kənarlaşmalar barədə məlumatı üfüqi monitorinqin başlanmasına qədər daxili nəzarət sistemi tətbiq etməklə müvafiq formada açıqlamışdırsa üfüqi monitorinq keçirilən vergi ödəyicilərinə vergitutma bazasının azaldılması və ya verginin düzgün hesablanmamasına görə maliyyə sanksiyası tətbiq edilməyəcək. Nəzərdə tutulan hal istisna olmaqla, üfüqi monitorinq aparılan vergi ödəyicisində vergitutma bazasının azaldılması və ya verginin düzgün hesablanmaması aşkar edildikdə, vergi orqanının qərarı ilə maliyyə sanksiyası tətbiq ediləcək.

Üfüqi monitorinqə qəbul edilən vergi ödəyicilərində monitorinqlə əhatə olunan hesabat dövrləri üzrə səyyar və kameral vergi yoxlamaları keçirilməyəcək.

Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən amortizasiya ayırmaları düz xətt və ya azalan qalıq dəyəri metodu ilə, digər vergi ödəyiciləri tərəfindən isə yalnız azalan qalıq dəyəri metodu ilə (qeyri-maddi aktivlər üzrə amortizasiya ayırmaları istisna olmaqla) hesablanacaq.

Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri cari il ərzində amortizasiya ayırmalarının hesablanması üçün iki mümkün amortizasiya metodundan birini seçəcək və aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyiciləri tərəfindən seçilmiş amortizasiya metodu 3 il ərzində dəyişdirilmir. İl ərzində aprel ayının 15-dək ləğv edilən vergi ödəyiciləri tərəfindən əvvəlki ildəki amortizasiya metodu tətbiq ediləcək.

"Cebheinfo.az"

Chosen
4
4
cebheinfo.az

5Sources