EN

"European Tobacco Baku" səhmdarların pullarını geri ödəmir- İDDİA

2005-ci ildən Keşlə qəsəbəsində yerləşən keçmiş adı "European Tobacco Baku" olduğu iddia  edilən "Baku İnternational Tobacco" səhmdarlarının dividentlərini vermir.  Mövzu ilə bağlı Ajans.az-a müraciət edən səhmdar Billurə Hacıbəyova bildirib ki, həmin müəssisənin fəaliyyəti hal-hazırda davam edir. Ancaq onun və bir neçə digər səhmdarın ödənişləri vermir. Billurə Hacıbəyova bildirib ki, onlara ildə 10-11 manat məbləğində ödəniş olunur. Ancaq sonuncu dəfə 2023-cü ildə 11 manat 70 qəpik divident verilib. Hal-hazırda şirkət, səhmləri onlardan 7 minə almaq istəyirlər.  Şikayətçi deyir ki, qarşı tərəf onlara bildirib ki, sözügedən şirkət "European Tobacco Baku" yox "Baku İnternational Tobacco"dur. Ancaq istehsal olunan məhsul eynidir, avadanlıqları eynidir- hər bir şey eynidir sadəcə ad olaraq dəyişilib. Hətta səhmlərin yenilənməsi prosesi zamanı sənəddə eyni ünvan göstərilir. Məsələ ilə bağlı səhmdarlar qarşı tərəfi məhkəməyə veriblər. Məhkəmə tərəfindən onların xeyrinə qərar verilib.  Qarşı tərəf, yəni müəssisə də onları apellyasiya daha sonra isə ali məhkəməyə verib. Hər ikisində də səhmdarların xeyrinə qərar verilib.  Şikayətçimizin sözlərinə görə,  müəssisənin direktoru Azər Süleymanov, və direktor müavini Orxan Balakişiyev deyir ki, 6 qəpiklik səhmə 40-50 min pul istəyirlər: " Ancaq biz 25 illik yığılıb qalan dividentlərimizi istəyirik. Biz ildə bir dəfə divident alırıq, onu da rəsmi şəkildə almırıq. Gedib aldığımız məbləği adımızın qarşısına yazıb imza atıb çıxırıq. Nə qəbz təqdim edilir, nə möhürü var, nə də hesabımıza oturur. Rəsmi  şəkildə heç bir şey etmirlər". Məsələ ilə bağlı "Baku İnternational Tobacco" şirkəti ilə əlaqə saxladıq. Onlar bildirdi ki, adıçəkilən "European Tobacco Baku ASC ilə şirkətin heç bir əlaqəsi yoxdur: "Baku International Tobacco" MMC olaraq bildiririk ki, bir qrup şəxs tərəfindən səsləndirilən məlumatlarda şirkətimizin guya "European Tobacco Baku" ASC ilə bağlılığı və həmin qurumun səhmdarlarının bizə qarşı müəyyən tələbləri olduğu qeyd edilmişdir. "Baku International Tobacco" MMC 12 iyun 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınmış, müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərir. Şirkətimizin hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, Köndələn 1 küçəsidir. Qeyd etmək istəyirik ki, "European Tobacco Baku" ASC tam fərqli hüquqi subyektdir və hazırda qeyd olunan ünvanda heç bir fəaliyyəti mövcud deyil".  Qarşı tərəf şirkətlərin eyni olması haqqında olan iddialara da cavab olaraq bildirib ki, şirkətin rəsmi ünvanının dəyişdirilməsi ilə bağlı rəsmi müraciətlər ediblər: "Mövcud çaşqınlığın əsas səbəblərindən biri kimi "European Tobacco Baku" ASC-nin hüquqi ünvanının hələ də "Baku International Tobacco" MMC-nin hazırkı fəaliyyət ünvanı Bakı şəhəri, Nizami rayonu, Köndələn 1 kimi qeyd olunması göstərilə bilər. Bu səbəbdən şirkətimiz tərəfindən həm "European Tobacco Baku" ASC rəhbərliyinə, həm də aidiyyəti dövlət orqanlarına ünvanın dəyişdirilməsi barədə rəsmi müraciətlər təqdim edilmişdir. Bu addımın atılması məqsədi ictimai və hüquqi qarışıqlıqların aradan qaldırılması və səhmdarların düzgün məlumatlandırılmasının təmin edilməsidir".  Şirkət şikayətçilərlə dəfələrlə görüş keçirdiklərini də qeyd edib: "Son illər ərzində "European Tobacco Baku" ASC-nin bəzi səhmdarları Baku International Tobacco MMC-yə dəfələrlə müraciət edərək müxtəlif tələblər səsləndirmişlər. Şirkət nümayəndələri həmin şəxslərlə dəfələrlə görüşlər keçirmiş, onların müraciətlərinə diqqətlə yanaşmış və vəziyyətin hüquqi əsaslarını ətraflı şəkildə səhmdarlara izah etmişdir. Buna baxmayaraq, bəzi səhmdarlar yenidən ictimaiyyət qarşısında şirkətimizin adını hallandırmaqla, əsassız narazılıqlar səsləndirmiş və nümayiş xarakterli davranışlar sərgiləmişlər".  Həmçinin müəssisədən bildirib ki, bu kimi məsələlər yalnız müvafiq hüquqi mexanizmlər və dövlət orqanları vasitəsilə həll edilməlidir: "Qeyd etmək istərdik ki, həmin şəxslər nominal dəyəri 6 qəpik olan 28 ədəd səhmə əsaslanaraq 40-50 min manat həcmində birdəfəlik ödəniş tələb edirlər. Bu kimi iddialar şirkətimizin fəaliyyətinə aidiyyəti olmadığı kimi, həm də iqtisadi və hüquqi baxımdan əsassız və məntiqsiz hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, hər bir hüquqi şəxs müstəqil mülkiyyət hüququna malikdir, öz öhdəliklərinə görə yalnız öz əmlakı ilə cavabdeh olur. Buna görə də başqa şirkətlərin səhmdarlarının "Baku International Tobacco" MMC-yə qarşı iddia irəli sürməsi qanunla yolverilməzdir. Şirkət hesab edir ki, bu kimi məsələlər yalnız müvafiq hüquqi mexanizmlər və dövlət orqanları vasitəsilə həll edilməlidir. "Baku International Tobacco" MMC bütün fəaliyyəti ərzində dövlət orqanları qarşısında şəffaf hesabat verir, vergilərin ödənilməsini, istehsal və satış proseslərinin qanunlara uyğunluğunu tam təmin edir. Şirkətimizin bütün sənədləri, əmlak və mülkiyyət hüquqları qanuni şəkildə rəsmiləşdirilmişdir".


Son olaraq onlar qeyd ediblər ki, "European Tobacco Baku" ASC ilə "Baku International Tobacco" MMC arasında heç bir hüquqi və ya istehsal əlaqəsi mövcud deyil. İstənilən iddia və ya tələbin yalnız məhkəmə və ya aidiyyəti dövlət orqanları vasitəsilə qaldırılması mümkündür. Media üzərindən bu cür çağırışların yayılması isə etik və hüquqi normalara ziddir.

Chosen
10
Ajans.az

1Sources