EN

Nağdsız əməliyyatlar üzrə güzəşt həddi 200 mindən 400 min manata qaldırılıb — DVX rəsmisi

 

Azərbaycanda nağdsız əməliyyatlara tətbiq edilən ƏDV güzəştinin yuxarı həddi 200 min manatdan 400 min manata qaldırılıb. Bu barədə Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisdə Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri təqdim edərkən bildirib.

Onun sözlərinə görə, dəyişiklik nağdsız dövriyyələrin stimullaşdırılması və kölgə iqtisadiyyatının azaldılması məqsədi daşıyır.

“Post-terminal vasitəsilə aparılan əməliyyatların payı ildən-ilə artır. Güzəşt limitinin 400 min manata qaldırılması sahibkarları daha çox nağdsız ödənişlərə təşviq edəcək,” – İmanov vurğulayıb.

Yeni qaydaya əsasən, post-terminal vasitəsilə həyata keçirilən dövriyyələrin 50 faizi ƏDV-dən çıxılacaq əməliyyatlara daxil ediləcək, yəni faktiki ƏDV yükü 18 faizdən 9 faizə enəcək.

Qanun layihəsinə görə, yenilənmiş limit 2026-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək.

N.Təbrizli

Chosen
20
anews.az

1Sources