EN

İlham Əliyev 13 ölkənin NATO-dakı daimi nümayəndələrini qəbul edib - FOTOLAR

İlham Əliyev 13 ölkənin NATO-dakı daimi nümayəndələrini qəbul edib - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev bu gün NATO nümayəndə heyətini qəbul edib.

AFN.az xəbər verir ki, nümayəndə heyətinə Türkiyə, Yunanıstan, Macarıstan, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Slovakiya, Sloveniya, İsveç, Çexiya, Portuqaliya və İspaniyanın NATO-dakı daimi nümayəndələri, həmçinin ABŞ və Fransanın NATO-dakı daimi nümayəndələrinin müavinləri daxildir.

NATO nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul olunmasının əhəmiyyətini vurğulayan Türkiyənin alyansdakı daimi nümayəndəsi Basat Öztürk dövlət başçısının NATO mənzil-qərargahına səfərlərini məmnunluqla xatırlayıb.

O, Azərbaycanın hazırkı inkişafının təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə daha da gücləndiyini vurğulayıb.

Qonaqlar Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıblar.

Təbriklərə görə təşəkkürünü bildirən dövlət başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib və əldə olunmuş razılaşmaların regionun inkişafı üçün geniş imkanlar açdığını deyib.

Prezident İlham Əliyev NATO mənzil-qərargahına səfərlərini xatırladaraq bildirib ki, Əfqanıstandakı əməliyyatlara dəstək Azərbaycan-NATO əməkdaşlığının vacib hissəsidir. Bununla yanaşı, ölkəmizlə alyans arasında regional inkişaf, enerji təhlükəsizliyi və digər istiqamətlər üzrə əməkdaşlıq da gündəmdədir.

Dövlət başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığın mövcud olduğunu vurğulayıb. O, ölkəmizlə alyans arasında əlaqələrin genişləndirilməsinin roluna da toxunub.

Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədinə çatdığını – torpaqlarımızın işğaldan azad olunduğunu qeyd edib və ordumuzun müasiriləşdirilməsi prosesinin bundan sonra da davam edəcəyini bildirib.

Dövlət başçısı NATO nümayəndə heyətinin ölkəmizə səfərinin uğurlu olacağına ümidvarlığını ifadə edib.

Söhbət zamanı Azərbaycanın NATO-nun dəyərli tərəfdaşı olduğu vurğulanıb, Silahlı Qüvvələrimizin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidmətləri, bu xüsusda ölkəmizin regional nəqliyyat və logistika mərkəzi kimi töhfələri yüksək qiymətləndirilib. Qeyd olunub ki, sülhməramlılarımız Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olublar.

Azərbaycanın alyans üzvləri ilə dostluq və strateji tərəfdaşlıq əlaqələrinə toxunulub, NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində ölkəmizin 1994-cü ildən alyans proqramlarında fəal iştirak etdiyi bildirilib.

Görüşdə Azərbaycan-NATO əməkdaşlığının perspektivləri müzakirə olunub, regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb.

Chosen
12
49
afn.az

10Sources