EN

“Vətən”sözü bizim üçün zərb-məsələ çevrildi... ÖZƏL

"44 gün! Hər günü Şanlı tarix olan qırx dörd müqəddəs gün göstərdi ki, əcdadlarımıza mədfən olan Vətənimizi sağlam ideoloji amallarla yetişdirilən övladlarımız özlərinə məskən bildilər. Biz Vətənimizi heç kimin güzəşti hesabına yox, öz şəhidlərimizin, igid oğullarımızın canı-qanı hesabına bir etdik, bütöv etdik, bütün etdik. Vətən bizim üçün anadır, onu sinəmizin üstündə bəsləyib, əzizləyib gələcək nəsillərə sağlam əsaslarla, bütün xəstə qayələrdən, yanlış ideologiyalardan uzaq sağlam təfəkkürlə ötürməliyik. Güclü vətənpərvərlik hissi ilə əldə edilən torpaqlar, şəhidlərimizin ruhlarının ərşə çəkildiyi göylər məhz Azərbaycanın yaratdığı, yenidən qurduğu Cənubi Qafqazın səmalarına sülh gətirir." Bu  sözləri  Olaylar.az-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq  Şəbnəm HƏSƏNOVA deyib:" 44 gün "Vətən"  sözü bizim üçün zərb-məsələ çevrildi. "Vətən" etibarlılıq müddəti bitib-tükənməyən pasportumuza, şəxsiyyətimizə, ləyaqətimizə, heysiyyətimizə çevrildi. Vətən döndü ləzgi oldu, talış oldu, rus oldu, avar oldu, yəhudi oldu, ən əsası dönməzlik oldu. Vətən bizim ana südümüz oldu, bu süd dolanıb həm də qanımız oldu. Bundan belə bu Vətən baş daşımız olmalıdır desək belə zərrəcə ifrata varmış olmarıq. 
44 günü bizə miras qoyan şəhidlərimizdən sonra bizim bütün fəaliyyətimiz qələmə, sözə çevrilməlidir, mövqeyi olan amala dönüşməlidir. Bu amal Müzəffər Ali Baş Komandanın hələ də açılmayan, hər keçən gün bərkiyən Dəmir Yumruğunu daha da bərk etməlidir, möhkəm etməlidir. 44 günlük Zəfərimizi, Müzəffər Ali Baş Komandanımızın yenilməz, qalib portretini gələcək nəsillərin zehninə aşılayarkən rəssam olmasaq belə onu fırça ilə yaratmaq keyfiyyətimiz olmalıdır. 44 günlük Zəfərimiz bu gün üçün də, sabah üçün də, gələcək üçün də aktualdır, yaddaşlardadır və ən əsası Vətən dərsliyinin ilkin ayələridir.

İBRAHİM  MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
38
olaylar.az

1Sources