Bakı, 6 noyabr, Səbinə Əlizadə, AZƏRTAC
Azərbaycan xalqı noyabrın 8-də Vətən müharibəsində qazanılmış tarixi Qələbənin beşinci ildönümünü – Zəfər Gününü qeyd edəcək. 2020-ci ildə qazanılan bu Qələbə Cənubi Qafqazın geosiyasi mənzərəsini köklü şəkildə dəyişərək, regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar açıb.
Mövzu ilə bağlı AZƏRTAC-a müsahibə verən rusiyalı siyasi elmlər doktoru, Rusiya Federasiyasının birinci dərəcəli Dövlət müşaviri Tatyana Poloskova Cənubi Qafqazda baş verən dəyişikliklərin, xüsusilə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəqliyyat-logistika layihələrinin regionun və ölkəsinin inkişafına təsirini dəyərləndirib.
AZƏRTAC müsahibəni təqdim edir.
-2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən görüşün Cənubi Qafqazda yeni təhlükəsizlik sisteminin formalaşmasına və Rusiya-Azərbaycan əməkdaşlığının perspektivlərinə təsirini necə qiymətləndirirsiniz?
-Bu görüş Ermənistan ilə Azərbaycan arasında ziddiyyətləri aradan qaldırmaqla yanaşı, Cənubi Qafqazda beynəlxalq münasibətlərin sülh formatında inkişafı üçün siyasi-hüquqi əsas yaratdı. Ən başlıcası, bu görüş təkcə dialoqun deyil, həm də birgə xarici siyasət kursunun hazırlanmasının və həyata keçirilməsinin başlanğıc nöqtəsi oldu. Mən dəfələrlə vurğulamışam ki, Ermənistanla Azərbaycan arasında ziddiyyətlər uzun illər ərzində üçüncü ölkələr tərəfindən süni şəkildə formalaşdırılıb və gərginləşdirilib. Onlar “parçala və hökm sür” prinsipi ilə hərəkət ediblər. Məhz həmin ölkələr Cənubi Qafqazda öz maraqlarına uyğun siyasət yürüdüb, bu oyunlar isə hər zaman region xalqlarının mənafeyinə zidd olub. Cənubi Qafqaz ölkələri və xalqları arasında müttəfiqlik münasibətləri olmadan bu regionun sabit və təhlükəsiz şəraitdə yaşaması mümkün deyil.
Regional sabitlik, sülh, Zəngəzur dəhlizinin (ən mühüm logistika layihələrindən biri kimi artıq “quru Panam kanalı” adlandırılır), Azərbaycanla Ermənistan arasında yüklərin daşınması üçün sərhədlərin açılması Cənubi Qafqazı beynəlxalq əlaqələr sistemində mühüm oyunçuya çevirir. Mən inanıram ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında turizm və mədəni mübadilə də başlayacaq.
Yaxın gələcəkdə Cənubi Qafqaz digər regionlar üçün cəlbedici təsir mərkəzinə çevrilə bilər. Burada ən vacib məqam resursların və xarici iqtisadi imkanların qarşılıqlı mübadiləsidir. Şübhəsiz ki, regionda beynəlxalq iqtisadi cazibə mərkəzi və lider mövqeyində hazırda Azərbaycan dayanır. Azərbaycanın resursları və xarici əlaqələri Cənubi Qafqazın bütün iqtisadi oyunçularının potensialını əhəmiyyətli dərəcədə gücləndirə bilər.
Rusiya ilə bağlı onu qeyd etmək istərdim ki, mənim ölkəm prezident respublikasıdır və onun xarici siyasət prioritetlərini Konstitusiyaya əsasən Prezident müəyyənləşdirir. Bu istiqaməti nə Dövlət Dumasındakı azərbaycanofob dairələr, nə də bəzi televiziya kanallarında çıxış edən populist fiqurlar təyin edir. Prezident Vladimir Putin bir müddət əvvəl Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib və onların daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Bildirmək istərdim ki, Rusiya Zəngəzur dəhlizinin, eləcə də Azərbaycan ilə Ermənistan arasında sərhədlərin açılmasında son dərəcə maraqlıdır. Cəmiyyətin və beynəlxalq münasibətlərin inkişafını sonda real iqtisadi maraqlar müəyyənləşdirir. Bu, heç də bəzi mifləşdirilmiş hekayələr və ya tarixi təhriflər deyil.
Rusiya rəhbərliyi Bakı ilə qarşılıqlı faydalı münasibətlərin inkişaf kursunu dəstəkləyir. Rusiyada Azərbaycanın çoxsaylı dostları var. Rus və azərbaycanlı ailə bağları geniş yayılıb. İş adamlarımız Azərbaycan işgüzar dairələri ilə səmərəli əməkdaşlıq edir. Azərbaycan rus turistlər üçün populyar istiqamətlərdən biridir. Moskvada çalışan azərbaycanlı həkimlər, Azərbaycanın bəstəkarları, müğənniləri və aktyorları bizim ümumi qürurumuzdur. Mən, məsələn, Qara Qarayevin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Rəşid Behbudovun, Polad Bülbüloğlunun, “Qaya” ansamblının yaradıcılığının böyük pərəstişkarıyam. Rauf Hacıyevin əsərlərini çox sevirəm, gəncliyimdə onun “Təbəssümünü gizlətmə” (“Qafqazlı qohum qızı”) musiqili komediyasında Leyla rolunu xalq operetta teatrında oynamışam. Azərbaycan aktyoru Fəxrəddin Manafov isə (“Qətldən yeddi gün sonra” filmindəki rolu ilə tanınan) mənim ən sevimli aktyorlarımdandır.
Rusiya-Azərbaycan dialoqunun inkişafına qarşı çıxan qüvvələr azdır, lakin informasiya məkanında daha çox görünürlər. Əmin olun, bu dairələrin heç bir ciddi təsir gücü yoxdur. Onlar artıq keçmişin kölgələridir. Bilindiyi kimi, kölgələr günorta vaxtı yox olur. Cənubi Qafqazda həmin “günorta” artıq uzaqda deyil. Əminəm ki, bəzi Rusiya və xarici informasiya məkanlarında xalqlar arasında gərginlik yaratmağa çalışan “media qəhrəmanları”nın dövrü başa çatıb.
-Azərbaycan Xəzər, Qara dəniz və Baltik regionlarını vahid iqtisadi zəncirdə birləşdirməyə qadir olan Şərq-Qərb və Şimal–Cənub nəqliyyat-logistika təşəbbüslərini fəal şəkildə həyata keçirir. Sizin fikrinizcə, bu layihələr Rusiyanın geoiqtisadi roluna, Avrasiyada yeni ticarət və enerji marşrutlarının formalaşmasına necə təsir göstərə bilər?
-Şübhəsiz ki, Rusiya bu logistika dəhlizlərində digər ölkələrdən daha çox maraqlıdır. Çünki hazırda Rusiya bəlkə də tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayır və istənilən yeni marşrutlar xüsusi əhəmiyyət kəsb edir. Rusiyanın sözügedən nəqliyyat-logistika təşəbbüslərində iştirakının faydası açıq şəkildə görünür. Rusiya həm Xəzər, həm Qara dəniz, həm də Baltik regionlarında mövcuddur.
Dövlət səviyyəsində həyata keçirilən təşəbbüslərlə yanaşı, bu istiqamətdə Rusiya regionlarından, işgüzar dairələrdən və ictimai təşkilatlardan da çoxsaylı təkliflər daxil olur. Məsələn, 2025–2026-cı illər üçün “Volqa–Xəzər” layihəsi çərçivəsində Rusiyanın bir sıra regionlarında və xaricdə investisiya əməkdaşlığına həsr olunan “dəyirmi masalar”ın keçirilməsi planlaşdırılır. Layihənin təşəbbüskarı Rusiyada tanınmış ictimai xadim, həmvətəniniz Kamran Babayevin rəhbərlik etdiyi “Kostroma Millətlər Evi” təşkilatıdır.
“Volqa–Xəzər: investisiya əməkdaşlığına gedən yol” proqramı bu ilin dekabrında start götürəcək. Proqram çərçivəsində Nijni Novqorod, Həştərxan, Moskva, Bakı, Aktau və Bəndər-Abbas şəhərlərində “dəyirmi masalar” keçiriləcək. Bu tədbirlərdə Rusiya işgüzar dairələrinin xarici investorların cəlbinə yönəlmiş layihələri təqdim olunacaq. Həmçinin xarici ölkələrin investorların axtarışı və investisiya layihələrinin dəstəklənməsi ilə məşğul olan dövlət qurumlarının fəaliyyət formaları və modelləri nümayiş etdiriləcək. Bir sıra tədbirlər Qara dəniz regionunda və Baltik sahillərində də təşkil ediləcək. Rusiyada logistika xarakterli təşəbbüslərin sayı çoxdur və bu istiqamətdə Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlıq zəruridir. Xəzər–Qara dəniz–Baltik regionlarının vahid şəbəkədə birləşdirilməsi həm Cənubi Qafqaz, həm də Rusiya üçün böyük üstünlüklər yaradacaq. Çünki bizim dövrümüz nəqliyyat dəhlizləri dövrüdür.