EN

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

BAKI, 6 noyabr. TELEQRAF

Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyük inspektoru vəzifəsində işləmiş Ruhiyyə Məhərrəmova, əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənşəxslərdən birinin vəkili Vüqar Babayev vəsatət verib.

Vəkil məhkəmə prosesində səslənən fikirlərin mediada qadağan edilməsini istəyib.

Dövlət ittihamçısı Babaxan Həsənəliyev bildirib ki, media azaddır və senzura yoxdur. O, vəsatətin təmin olunmamasını istəyib. Xatırladıb ki, məhkəmə açıq keçirilir.

Yerində müşavirə keçirən hakimlər heyəti vəsatəti təmin etməyib.

Ruhiyyə Məhərrəmovun vəkili isə müvəkkilinin ev dustaqlığının vaxtının dəyişdirilməsini istəyib. Dövlət ittihamçısı vəsatətin təmin olunmasını istəyib. Vəsatət təmin edilməyib.

Daha sonra məhkəmə istintaqı başlanıb, dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, həkim Samirə Qasımovanı 20 saylı poliklinikaya həkim-pediatr vəzifəsinə dəyişdirilməsiüçün 5 min manat alıblar.

Bundan başqa, onlar Zaqatala rayonunda isə bir nəfərdən 25 min manat alıblar. İttihamda daha sonra göstərilib ki, Zaqatala Rayon Mərkəzin tabeliyində olan tibb məntəqəsinin işçisi Tamara Nurəliyevanın Yeni Süvagi kənd xəstəxanasına həkim təyin olunması üçün 3 min manat rüşvət qismində istəyiblər.

Cinayətin həcmi böyük olduğu üçün Dövlət ittihamçısı ittiham aktının oxunmasını başa çatdıra bilməyib.

Növbəti prosesdə dövlət ittihamçısının çıxışı ilə davam edəcək. Növbəti proses dekabrın 4-də davam edəcək.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

İbtidai istintaqla Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmovanın həmin şöbənin baş mütəxəssis-böyük inspektoru vəzifəsində işləmiş Ruhiyyə Məhərrəmova, əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarova və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına, habelə Səidə Rüstəmova tərəfindən vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir etməsinə və cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına daşınmaz əmlakın alınması yolu ilə leqallaşdırmasınaəsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Səidə Rüstəmovaya Cinayət Məcəlləsinin 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (nüfuz alveri) və 313-cü (vəzifə saxtakarlığı), Ruhiyyə Məhərrəmova və Lətafət Cabbarovaya isə həmin Məcəllənin 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) 32.5, 311.3.1, 32.5, 311.3.2, 32.5, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət almaya köməkçilik) və 32.5, 313 (vəzifə saxtakarlığına köməkçilik) maddələri ilə ittiham elan edilib.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Chosen
11
6
teleqraf.com

7Sources