EN

ADNSU-da “Natiqlik sənəti və kommunikasiya bacarıqları” layihəsinə start verilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələrin fərdi və peşəkar inkişafına dəstək məqsədilə “Natiqlik sənəti və kommunikasiya bacarıqları” layihəsinə start verilib.TƏHSİL.BİZ xəbər verir ki, 30 saatlıq təlim proqramı tələbələrdə nitq mədəniyyətini, auditoriya qarşısında çıxış bacarığını, özünü ifadə etmə və səmərəli kommunikasiya vərdişlərini inkişaf etdirməyi hədəfləyir.

İlk təlimdə çıxış edən ADNSU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli proqramın önəmini qeyd edərək, natiqlik bacarığının müasir dövrdə akademik mühitdə, eləcə də iş həyatında uğurun əsas tərkib hissələrindən biri olduğunu vurğulayıb. 

Təlim zamanı iştirakçılar pozitiv kommunikasiya üsulları, effektiv kommunikasiyanın prinsipləri, aktiv dinləmə, səhnə davranışı və etik ünsiyyət mədəniyyəti barədə geniş məlumat əldə ediblər. Nitqin giriş, inkişaf və nəticə hissələrinin düzgün qurulması, auditoriya ilə göz təması yaradılması, səs tonunun və bədən dilinin idarə olunması, səhnə həyəcanının azaldılması kimi mövzular təcrübəyə əsaslanan misallarla izah edilib.

Eyni zamanda natiqlikdə girişin auditoriyanın diqqətini cəlb etməsi, əsas hissədə ideyaların ardıcıl qurulması, nəticədə isə təsirli yekun vurğusunun aparılması qaydaları izah olunub. Etik nitq normalarına əməl edilməsi, plagiatdan qaçınma, fikirlərin dürüst və məsuliyyətli şəkildə təqdim olunması prinsipləri tələbələrin diqqətinə çatdırılıb. Auditoriya qarşısına çıxarkən stressin idarə olunması, pozitiv vizuallaşdırma texnikaları və özünəinamın gücləndirilməsi kimi praktik tövsiyələr də təqdim edilib.

Təlim interaktiv şəkildə keçirilib, tələbələrdən qısa çıxışlar dinlənilib, onlara fərdi rəy verilib və kommunikasiya üzrə praktiki tapşırıqlar icra olunub. Layihə çərçivəsində ümumilikdə beş təlim keçiriləcək və proqramın sonunda ən fəal və perspektivli iştirakçılar mükafatlandırılacaq.

Qeyd edək ki, proqrama qoşulan tələbələt əvvəlcədən CV və müsahibə əsasında seçilib. Təlimlər həm Azərbaycan, həm də ingilis dillərində keçirilir. Layihənin növbəti mərhələlərində media və kommunikasiya sahəsində tanınmış mütəxəssislər də çıxış edəcək və tələbələrlə öz təcrübələrini bölüşəcəklər. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq və ən yüksək nəticə göstərən üç tələbə ADNSU Tələbə Həmkarlar İnttifaqı Komitəsi tərəfindən xüsusi mükafatlandırılacaq. 

Chosen
47
tehsil.biz

1Sources