EN

Aynur Nəsirova: Televiziya və radio yeni mediaya uduzmamamq üçün inkişaf mərhələsindədir

Noyabrın 6-sı Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd edilir.
1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun əsası qoyulub.
Bundan sonra ölkənin mətbuat tarixində yeni mərhələ başlayıb.
Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkar Nəcibə Məlikova görünüb və o, çıxışına "Göstərir Bakı" sözləri ilə başlayıb. Həmin gün televiziyada "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.
Azərbaycan teleradiosu ötən illər ərzində milli-mənəvi dəyərlərin təbliğində, ictimai fikrin formalaşmasında və cəmiyyətin məlumatlandırılmasında mühüm rol oynayıb.
Hazırda televiziya və radio sahəsi ölkədə dinamik şəkildə inkişaf edir, rəqəmsal yayım və yeni media texnologiyalarının tətbiqi genişlənir.

Media eksperti Aynur Nəsirova Sherg.az-a bildirib ki, bu gün Azərbaycan televiziyası və radiosu yeni media ilə rəqabət mühitində uduzmamamq üçün inkişaf və yenilənmə mərhələsindədir:

"Ənənəvi media rəqəmsallaşma, sosial şəbəkələr və onlayn platformalar transformasiya olmağa məcburdur.  Efir rəqəmsal yayıma keçib, televiziya kanalları YouTube, TikTok, Facebook və digər platformalarda aktivləşib. Amma rəqəmsal jurnalistika və multimedial istehsal hələ tam oturuşmayıb, bəzən internet interaktiv platformadan daha çox yayım vasitəsi kimi istifadə edilir. Televiziya kanalları xəbər, ictimai-siyasi və əyləncəni birləşdirərək daha geniş auditoriyaya çıxmağa çalışır. İnformasiya rəsmi və formal xarakter daşıyır, əyləncə və şou proqramlar məzmunu sıxışdırır, sosial və analitik verilişlərdə tənqidi baxış azalır. Tənqidi jurnalistika və analitik veriliş hazırlayanlar isə auditoriyanı saxlamaq üçün yollar axtarır. Təbii ki, kontentin keyfiyyətini və ictimai etimadı qorumaq şərtilə. Auditoriyaya çatımlıq baxımından radioda vəziyyət televiziyaya nisbətən daha yaxşıdır - rəqəmsal platformalara inteqrasiya, mobil tətbiqlər və onlayn dinləmə formaları. Amma sadaladığımız inkişaf edən texniki tərəfdir, yaradıcı tərəfdə problemlər var - peşəkar kadr çatışmazlığı, dil, üslub, nitq problemləri, təkrar mövzular, səhnələşdirilmiş verilişlər ən əsası da süni intellektdən istifadə.  Bu, media bazarının məhdud olması və reklam gəlirlərinin azlığı ilə əsaslandırılsa da, maraqlarına daha çevik cavab axtaran auditoriyanı qane etmir. 
Nə edə bilərik? Yenə də texniki tərəfə güc verilməlidir ilk növbədə. Təbii ki, operativlik dəqiqiliyi keçməmək şərtilə".

Müsahib əlavə edib ki, televiziya və radiolar rəqəmsal platformalarla tam inteqrasiya olunmalı, multimedia redaksiyaları eyni zamanda həm TV, həm radio, həm də onlayn versiyalar üçün kontent hazırlamalıdır:
"Süni intellekt, data-jurnalistika və avtomatlaşdırılmış xəbər sistemləri tətbiq edilməlidir. Texniki avadanlıqlar müasir beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Kontentə gəlincə, regional və sosial problemlərə daha çox diqqət ayrımalalı, proqram siyasəti auditoriyanın istəyi nəzərə alınaraq - sorğu, sosial media analitikası əsasında formalaşdırılmalıdır. Xəbərlər qısa formatlı, storytelling üsulu ilə hazırlanmalı, redaksiyalarda dezinformasiya ilə mübarizə və fakt yoxlama mexanizmləri sistemli şəkildə qurulmalı, medianın reklam bazarına çıxışı genişləndirilməlidir".
Chosen
51
1
sherg.az

2Sources