EN

Zəfər Günü – Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qazanılmış tarixi Qələbə

8 Noyabr Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələrindən biri kimi qeyd olunur. Bu gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbəni, ölkəmizin ərazi bütövlüyünün bərpasını, ordumuzun gücünü və xalq-dövlət birliyini təcəssüm etdirir. Zəfər Günü Azərbaycan xalqının sarsılmaz iradəsinin, tarixi ədalətin bərpasının və müstəqil dövlətimizin qətiyyətinin bayramıdır.

Vətən müharibəsində qazanılan Qələbənin əsasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi dayanır. Dövlət başçısının uzaqgörən hərbi-siyasi strategiyası, dəqiq qərarları, diplomatik fəaliyyət və informasiya müharibəsində sərgilədiyi prinsipial mövqe Azərbaycanın haqq savaşını beynəlxalq aləmdə tam şəkildə legitimləşdirdi. Prezident İlham Əliyevin hər gün xalqa müraciətlərində nümayiş etdirdiyi əminlik, siyasi qətiyyət və faktlara əsaslanan çıxışları xalqın milli həmrəyliyini gücləndirərək Qələbənin təməlini qoydu. Onun “Biz haqq yolundayıq, Qarabağ Azərbaycandır!” sözləri Azərbaycan xalqının birlik rəmzinə çevrildi.

Zəfər Gününün 8 Noyabr tarixində qeyd olunmasının xüsusi mənası vardır. Həmin gün Azərbaycan Ordusu strateji əhəmiyyətə malik Şuşa şəhərini işğaldan azad edərək müharibənin taleyini həll etdi. Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi “Şuşasız bizim Zəfərimiz tam ola bilməzdi” fikri bu tarixi qələbənin mənəvi və siyasi əhəmiyyətini bir daha göstərdi. Şuşanın azad edilməsi Azərbaycan Ordusunun peşəkarlığının, əsgər və zabitlərimizin igidliyinin və Ali Baş Komandanın rəhbərliyi altında qurulan vahid komandanlıq sisteminin nəticəsi oldu.

Zəfər Günü eyni zamanda Vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsidir. Qələbənin əldə edilməsində göstərilən fədakarlıq Azərbaycan xalqının yaddaşına əbədi yazılıb. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bu Qələbə şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Qazilərimizin şücaəti, döyüşçülərimizin iradəsi xalqımızın qürur mənbəyidir.

Tarixi Qələbədən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq dövrü başladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlərin, kəndlərin, yolların, hava limanlarının, sosial və iqtisadi infrastrukturun qurulması sürətlə həyata keçirilir. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi, “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələrinin reallaşdırılması, yüzlərlə kilometr yeni yol və tunel inşası həmin ərazilərin qısa müddətdə yenidən həyat məkanına çevrildiyini göstərir. Dövlət başçısının bu bölgələrə mütəmadi səfərləri, təməlqoyma və açılış mərasimlərində iştirakı Qarabağın inkişafının ölkə rəhbərliyi üçün prioritet olduğunu bir daha təsdiqləyir.

Bu gün Zəfər Günü Azərbaycan xalqının birlik, güc və dövlətçilik əzminin rəmzinə çevrilib. Qazanılan Qələbə ölkəmizin regionda söz sahibinə çevrilməsini təmin edib, yeni geosiyasi reallıqlar yaradıb və Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirib. Prezident İlham Əliyevin sözləri ilə desək, “Azərbaycan xalqı yenilməz xalq olduğunu bir daha sübut etdi.”

Zəfər Günü yalnız keçmişin qələbəsini anmaq deyil, həm də gələcəyə inam, dövlətimizin gücünün və müstəqilliyimizin dönməzliyinin nümayişidir.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Chosen
10
1
yeniazerbaycan.com

2Sources