EN

Nurjan Kasmalıyeva: ATNA türk dövlətləri arasında fakt yoxlanışında təcrübə mübadiləsinə töhfə verir

Astana, 7 noyabr, AZƏRTAC

Türk Xəbər Agentlikləri Alyansı (ATNA) türk dövlətləri xalqları arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsində mühüm rol oynayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Kabar” agentliyinin departament rəhbəri Nurjan Kasmalıyeva Astana şəhərində keçirilən ATNA-nın II Baş Assambleyası çərçivəsində bildirib.

Onun sözlərinə görə, süni intellekt texnologiyalarının inkişaf etdiyi dövrdə media məkanında çoxsaylı saxta məlumatların və dezinformasiyanın yayılması fonunda əməkdaşlıq daha böyük əhəmiyyət kəsb edir.

“Alyans bizə fakt yoxlanışı (fact-checking) sahəsində təcrübə mübadiləsi aparmaq, süni intellekti media mühitin fəaliyyətində tətbiq etmək və türk dövlətlərinin kütləvi informasiya vasitələri arasında əlaqələri möhkəmləndirmək üçün lazımdır”, – deyə departament rəhbəri vurğulayıb.

Nurjan Kasmalıyeva həmçinin, AZƏRTAC Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə uğurlu əməkdaşlığa da diqqət çəkib.

“Biz AZƏRTAC-la uzun illərdir ki, uğurla əməkdaşlıq edirik. Əməkdaşlığımız çox səmərəli və məhsuldardır və biz bu əlaqələri Türk Xəbər Agentlikləri Alyansı çərçivəsində daha da möhkəmləndirmək niyyətindəyik”, – deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 6-da Qazaxıstanın paytaxtında ATNA-nın II Baş Assambleyası keçirilib. İkiillik sədrlik rəsmən Türkiyədən Qazaxıstana keçib və alyansın idarəçiliyini bundan sonra “Qazcontent” ASC həyata keçirəcək.

ATNA 2023-cü il noyabrın 6-da türk dövlətlərinin milli informasiya agentlikləri arasında əməkdaşlığı gücləndirmək məqsədilə yaradılıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
65
azertag.az

1Sources